21.11.2024, 20:41
AZ EN
01.02.2024, 16:33 266

Dövlət Komitəsi: Məcburi köçkünlərin məşğulluğunun təmin olunması ilə bağlı dəqiqləşdirmələr sorğular vasitəsilə aparılır

XƏBƏRLƏR
  • Dövlət Komitəsinin keçirdiyi sorğular zamanı hazırkı və Böyük Qayıdışdan sonrakı dövrdə məcburi köçkünlərin məşğulluğunun təmin olunması ilə bağlı dəqiqləşdirmələr aparılır, təkcə respondentin özünün deyil, həmçinin onun ailə üzvlərinin təhsil və məşğulluq vəziyyəti öyrənilir.

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev söyləyib.

O vurğulayıb ki, sorğular vasitəsilə məcburi köçkünlərin hansı sektorda, hansı sahədə işləmək arzusunda olduqları müəyyənləşdirilir. Sorğunun nəticələri əsasında Qarabağ və Şərqi Zəngəzurda sahə və ərazilər (şəhər və kəndlər) üzrə potensial işçi qüvvəsi müəyyənləşdirilir.

Doğma yurda dönən ailələrin hər birinin ailə tərkibinə uyğun olaraq mənzillə təmin edildiyini bildirən İbrahim Mirzəyev deyib: “Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma yolu ilə həyata keçirilir”.

İ.Mirzəyev əlavə edib ki, Dövlət Proqramı çərçivəsində 2024-cü ildə Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərində, Laçın rayonun Sus kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Xocalı rayonunun Malıbəyli kəndində bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək. Eyni zamanda, Xocalı şəhərinin və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş, zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar. (AZƏRTAC)

Oxşar xəbərlər