Aksiya işğalçı Ermənistanın ekoloji terrora məruz qoyduğu, regional ekoloji fəlakət zonasına çevirdiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin sağlamlaşdırılmasına, yaşıllıqların çoxaldılmasına, ətraf mühitin qorunmasına, təbiətə qayğının təbliğinə töhfə vermək məqsədi daşıyıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağda və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, ərazinin flora və faunasının dirçəldilməsinə, təbii ehtiyatlarının mühafizəsinə və onlardan səmərəli istifadə edilməsinə də xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı ekosistemin bərpası məqsədilə həyata keçirilən tədbirlərdə iştirak edirlər.
Zabux kəndində keçirilən aksiya zamanı sakinlərə məxsus həyətyanı sahələrdə, yol kənarları və istirahət məkanlarında 7000 ədəd meyvə və dekorativ ağac əkilib. Ağacəkmə aksiyasında ilk ting 1992-ci ildə Laçın rayonunun Hoçaz yüksəkliyi uğrunda döyüşdə şəhid olmuş Ədalət Məmmədovun oğlu Ziyadxan Məmmədovun həyətində əkilib.
Bu cür aksiyaların tez-tez təşkil olunacağı, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin Qarabağda və Şərqi Zəngəzurda bərpa edilən və yenidən salınan yaşayış məntəqələrində ekosidin nəticələrinin aradan qaldırılmasında iştirakına daim dəstək göstəriləcəyi diqqətə çatdırılıb. Aksiyada Milli Məclisin deputatı Mahir Abbaszadə və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin məsul əməkdaşları, kənd sakinləri iştirak ediblər.