Ziyarətçilərə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işğalçıların şəhərdə törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılmasını təmin edəcək, uzun illər məcburi köçkünlük yaşamış yerli sakinlərinin tezliklə doğma yurda qayıdışına imkan yaradacaqdır. Dövlət Proqramında təsbit olunmuş və şəhərin dirçəldilməsi üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır: yeni yaşayış sahələrinin inşası ilə yanaşı şəhər infrasturukturunun yenidən qurulması da sürətlə aparılır.
Şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olan infotur iştirakçıları Şuşa qalasını, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa Məscidini, İsa bulağını, Cıdır düzünü də ziyarət ediblər.
İnfoturda müxtəlif özəl yaradıcılıq subyektlərinin rəhbərləri və əməkdaşları, o cümlədən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər. Onlar işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar.
Səfər iştirakçıları infoturun məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.