21.11.2024, 21:30
AZ EN
15.03.2022, 19:30 541

Dövlət Komitəsinin sədri BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri ilə görüşüb

XƏBƏRLƏR

Martın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayev BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri ilə görüşüb.

Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, bu problemin həlli istiqamətində aparılan dövlət siyasəti, həmçinin komitənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Qeyd edilib ki, Ermənistanın otuz ilə yaxın müddətdə işğalda saxladığı, ötən il 44 günlük müharibə nəticəsində azad edilmiş ərazilərdə Azərbaycan dövləti geniş bərpa-quruculuq işlərinə başlayıb, məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük prinsipi əsasında və ləyaqətlə öz tarixi torpaqlarına qayıdışına hazırlıq görülür. Diqqətə çatdırılıb ki, işğal altında saxlanılan ərazilərin minalarla geniş miqyasda çirkləndirilməsi və yaşayış yerlərinin tamamilə dağıdılması Böyük Qayıdış prosesini, eləcə də məcburi köçkünlərin qayıdış hüququnun tezliklə icra edilməsini ləngidir.

Qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, böyük qayıdışa, reinteqrasiya və dayanıqlı məskunlaşma prosesinə hazırlıq məsələləri, bununla əlaqədar Dövlət Komitəsində aparılan işlər barədə məlumatlandırılıblar.

Beynəlxalq qurumun nümayəndələri səmimi qəbula görə təşəkkürlərini bildirib, təmsil etdikləri təşkilatların ölkəmizdə öz mandantına uyğun olaraq həyata keçirdikləri fəaliyyətlərin əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər, həmçinin yeni situasiyada Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Sultan Hacıyev də iştirak edib.

Oxşar xəbərlər