Seminarda Ağdam, Laçın və Kəlbəcərdən məcburi köçkünlər iştirak ediblər. Seminarın məqsədi işğaldan azad olunmuş ərazilərə geri dönəcək vətəndaşları Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında daha çox məlumatlandırmaq, proqramda iştirakçılığın yüksəldilməsinə zəmin yaratmaqdır.
AİİATRM İB-nin nümayəndələri Rövşən Ağayev, Cəmilə Məhəmməd və Gülanə Quliyeva iştirakçılara “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” layihəsi, “İcma quruculuğu və dayanıqlı icma nədir” mövzusunda məlumat verib.
Tədbir müxtəlif interaktiv metodlardan, o cümlədən “fokus-qrup” müzakirələri və “qrup işləri” metodundan istifadə olunmaqla keçirilib. Məcburi köçkünlərin qayıdışa hazırlığını gücləndirmək məqsədi ilə hər bir rayonun nümayəndələri qrup şəklində “Kəndimizi tanıyaq və tanıdaq” müzakirəsinə qoşulublar. Qruplar məcburi köçkün düşdükləri rayon və kənd haqqında məlumat verib, qayıdışla bağlı fikirlərini səsləndirib və doğma kəndlərini necə görmək istədikləri barədə təkliflərini bildiriblər.
Tədbir iştirakçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi (AİİATRM) arasında imzalanmış müqaviləyə əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı“ üzrə Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə keçirilib.