Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov deyib.
Sədr müavini diqqətə çatdırıb ki, Böyük Qayıdış proqramı bu gün uğurla icra olunur. “Qarabağda, Şərqi Zəngəzurda sözlə ifadə oluna bilməyəcək tərzdə irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirilməkdədir. Bu gün 22 ailəni təmsil edən 72 keçmiş məcburi köçkün soydaşımız öz doğma Laçın şəhərinə qayıdırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aidiyyəti olan dövlət qurumları ilə, qeyri-hökumət təşkilatları ilə və özəl sektor qurumları ilə birgə zəruri addımlar atıb. QACQINKOM və TƏBİB arasında olan əməkdaşlıq və qarşılıqlı memorandum çərçivəsində öz doğma torpaqlarına qayıdacaq olan keçmiş məcburi köçkünlərimizin sağlıq durumunu qiymətləndirmək məqsədilə pulsuz tibbi müayinələr keçirilib”, - deyə sədr müavini vurğulayıb.
Diqqətə çatdırılıb ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma evlərinə qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi planlaşdırılıb. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub. (AZƏRTAC)