19.09.2024, 04:16
AZ EN
09.05.2023, 22:10 1333

İş yoldaşımızın xatirəsi

XƏBƏRLƏR

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivinə ağır itki üz verib. Komitənin Təsərrüfathesablı Təchizat və İstehsalat İdarəsinin rəisi Nizami  Allahverdiyev uzun sürməyən ağır xəstəlik nəticəsində bu gün, mayın 9-da vəfat edib.

Nizami  Allahverdiyev 23 dekabr 1957-ci ildə Laçın şəhərində anadan olub. Laçın şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Texniki Universitetinin Mexanika fakültəsində təhsil alıb. 1979-1981-ci illərdə həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Laçın Avtonəqliyyat Müəssisəsində əmək fəaliyyətinə başlayıb. Sonra rayon işğal edilənədək Laçın Rayon Qaz İstismarı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb. Həmyerliləri kimi o da doğma yurdun itirilməsinin ağrı-acısını yaşayıb, məcburi köçkünlüyün çətinliklərini görüb. 1-ci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabit idi.
1993-cü ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Laçın Sənaye Kombinatının direktoru, daha sonra Baza Sənaye Kombinatının direktoru vəzifəsində işləyib, 2019-cu ildən Dövlət Komitəsinin Təsərrüfathesablı Təchizat və İstehsalat idarəsinin rəisi idi.

Nizami Allahverdiyev səmimi insan, məsuliyyətli və bacarıqlı mütəxəssis kimi kollektivdə böyük hörmət və ehtiram qazanmışdı. Mərhumun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Nizami Allahverdiyevin vəfatından kədərlənir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər