Gərnibasar mahalının düzənlik hissəsində, Qəmərli rayonunun mərkəzindən 3 km şimal-qərbdə, Gərni çayının sol sahilində, İrəvan-Qəmərli avtomobil yolunun kənarında yerləşən bu kənddə 1828-ci ilə qədər yalnız Azərbaycan türkləri yaşamışlar. Kəndin etimologiyası barədə onu demək olar ki, erkən orta yüzilliklərdə Qıpçaq türklərinin tərkibində Qafqaza gəlib, burada məskunlaşan böyük Tele türk tayfasının adından almışdır. Tədqiqatçılar qeyd edir ki, ilkin variantında Telelər şəklində olmuş, sonralar fonetik dəyişikliyə uğrayaraq Dəlilər formasına düşmüşdür. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Gərni nahiyəsində bir dəlilər kəndi qeydə alınmışdır. Kəndin ikinci adı olan Gödəkli toponimi isə Qazaxlar tayfasının məşhur gödəkli tirəsinin adinı əks etdirir. 1832-ci ildə İ.Şopen Gərnibasar mahalı ərazisində iki Dəlilər kəndi (Böyük Dəlilər, Kiçik Dəlilər) qeydə almışdır. 1873-cü ilin statistikasında kəndin adı Gödəkli kimi verilmiş, Kiçik Dəlilər isə kəndin ikinci adı kimi qeydə alınmışdır. 1945-ci il avqustun 20 də kəndin adı dəyişdirilərək Mrqavan qoyulmuşdur.
İsa MUSAYEV