Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda olan Düzkənd kəndi Arpaçayın sağ sahilində, rayon mərkəzindən 13 km şimalda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Verilən məlumatlardan aydın olur ki, Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd və Kiçik Düzkənd. XIX əsrin əvvəllərində hər iki kənd birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir. Toponim Azərbaycan dilində "düzən, düzənlik, çöl" mənasında işlənən düz sözü ilə qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Burada 1987-ci ildə 580 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-1989-cu illərin qış aylarında azərbaycanlılar deportasiya olunmuşdur. Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilərək Alvar qoyulmuşdur.
İsa Musayev