Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda olan Şinadağ kəndi rayon mərkəzindən 35 km məsafədə yerləşir. Toponim qədim türk dilində "tikinti, tikili, qəsəbə, kənd, oba, yurd" mənasında işlənən şen sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində "yerin hündür, dik, yamaclı və zirvəli hissəsi" mənasında işlənən dağ sözünün qədim fonetik forması olan tağ sözü ilə birləşməsindən əmələ gəlmişdir. Bu söz Azərbaycan dilində şen kimi işlədilmişdir. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) kimi işlənməkdədir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Lemaşen (Dağkəndi) adlandırılmışdır.
İsa Musayev