Bu barədə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, aparılan tədqiqatlara görə, xüsusi qəddarlıqla dağıdılan məscidin 2-2,5 metr hündürlüyündə yan divarlarının salamat qaldığı aşkarlanıb. Məscidin giriş qapısı və üç böyük pəncərəsi olub. Abidənin tikintisində qapı və pəncərələr istisna olunmaqla taxta materialdan istifadə olunmayıb. Məscid yerli pud daşlar və əhəng məhlulu ilə tikilib, mehrabı və divar yazılarının bir qismi salamatdır. Məhz bu əlamətlər məscidin aşkar edilməsinə şərait yaradıb.
SSRİ-nin süqutundan sonra Ermənistanda baş qaldıran separatizm türklərə qarşı məkrli erməni düşmənçiliyi indiki Ermənistanın bütün ərazilərində, azərbaycanlılara məxsus mədəni irs nümunələrinin ermənilər tərəfindən kütləvi şəkildə məhv edilməsinə səbəb olmuşdu. Bu baxımdan Bjni kəndinin mərkəzində yerləşən məscid dağıdılmış, həyətindən və binanın salamat qalan hissələrindən şəxsi məqsədlər üçün istifadə edilir.
Bjni kəndi indiki Ermənistanın Kotayk rayonunda Razdan çayının sahilində, dağ silsiləsinin ətəyində yerləşir. Kəndin adının və ərazisində mövcud olan toponimlərin araşdırılmasına ciddi ehtiyac var. Kəndin qəhrəmanlıq tarixini xatırladan, kəndin şimal-şərqində yerləşən hündür bir təpənin üstündə XI əsrə aid qədim yaşayış məntəqəsi və qalanın qalıqları indiyədək qalır. Hazırda qalanın şimal və qərb divarlarının qalıqları daha yaxşı vəziyyətdədir. 1929-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində dəmir dövrünə aid qəbirlər və çox sayda digər əvəzolunmaz materiallar aşkar edilərək Ermənistan Dövlət Tarix Muzeyində saxlanılır.
Bjni kəndinin ərazisi tarix və mədəniyyət abidələri və mineral bulaqlarla zəngindir. Bjni mineral suyu Ermənistanda ən məşhur sulardan biridir və ixrac olunur. Sovet dövrü bu kəndin mineral suyu “BJNI” brendi altında Rusiyanın Sankt-Peterburq şəhərinə ixrac olunurdu. (AZƏRTAC)