Tarixçi, alim, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü Nazim Mustafanın dediyinə görə, Zal xan məscidinin hamamı da vardı və yarısı yerin altındaydı. Orda hətta musiqiçilər yığışıb məslislər keçirərdilər: ”Zal xan məscidinin bünövrəsini sökmüşdülər. 60-cı ilə qədər bir hissəsi qalırdı. Zal xan məscidinin mədrəsəsində Ermənistan Rəssamlar İttifaqının sərgi salonu kimi istifadə olunurdu”.
1924-cü ildə sovet Ermənistanın Peterburqdan dəvət edilmiş memarı Aleksandr Tumanyan İrəvanın baş planını çızmağa ilk olaraq azərbaycanlıların yaşadığı mərkəzi hissəni sökməklə başlayıb.
2003-cü ildə burda qazıntı aparmaq istəyiblər. Ermənistan hökuməti aşkara çıxarılacaq tarixi mərkəzi açıq səma altında muzey kimi nümayiş etdirmək niyyətindəydi. Xarici turistlərə, səfərdə olan dövlət nümayəndələrinə İrəvanın guya qədim erməni şəhəri olduğunu sübut etmək istəyirdilər. İddia edirdilər ki, İrəvan qədim Romadan da 30 il əvvəl qurulub.
“Buranı qazdılar ki, guya ordan ermənilərə aid nəsə çıxar, amma orda Zal xan məscidinin divarlarının qalıqları, Zal xan hamamı çıxdı və ondan sonra memarlar, tarixçilər gəldilər, dedilər ki, burda açıq səma altında muzey olmaz. Olsa da, bunu gəlib görən deyəcək ki, bu, türk-müsəlman memarlığıdı”, - deyə N.Mustafa bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ