29.03.2024, 09:16
AZ EN
13.01.2023, 17:46 200

Dərələyəz mahalındakı qəbirlərimiz

QƏRBİ AZƏRBAYCAN
  • Qədim torpaqlarımız olan Qərbi Azərbaycanın Dərələyəz mahalının  Gədikvənd kəndində azərbaycanlılara məxsus qəbir aşkarlanıb. Sözügedən qəbrə toxunulmayıb. Kadrlardan da açıq-aydın görünür ki, bu, Hüseynov İbrahim Məhəmməd oğluna aiddir. 1877-ci ildə doğulub, 1977-ci ildə vəfat edib.

Qəmbərova  Səhnə Şahməmməd qızı, Qəmbərov İbiş Bəhman oğluna məxsus, eləcə də ətrafdakı digər qəbirləri isə ermənilər  tamamilə dağıdıb.

İrəvandakı (indiki Ermənistan) Azərbaycan irsinin Araşdırılması ilə məşğul olan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Səbuhi Hüseynov bildirib ki, bu qəristanlığın yerini və qəbirlərin  vəziyyətini süni peyk, həmçinin  hərbi topoqrafik xəritələr vasitəsilə müəyyən edib. Uzun müddət davam edən tədqiqat işləri  artıq yekunlaşıb: “Təxminən  435 qəbiristanlıq üzərində iş aparmışıq. Onların 150-si tamamilə yer üzündən silinib, 220-yə yaxın qəbiristanlıq isə yağmalanaraq dağıdılıb, əvvəl yağmalanıb, sonra dağıdılıb. Qalanları isə artıq belə deyək, süni peklərdə müşahidə olunur, amma qəbirlərin yerlərinin dəyişməsini görürük. Bu da o deməkdir ki, bu qəbiristanlıqlar da dağıntıya məruz qalıbdır. Əslində bu yaxınlarda bir neçə qəbiristanlıqlarla bağlı müşahidə apardıq. Onlardan biri də Dərələyəzdə mövcud olmuş Gədikvənddir. Gədikvənd qəbirstanlığı təxminən bizim hesablamalarımıza görə bir hektara yaxın ərazini tuturdu və əraziyə ermənilər 2018-ci ildə qəbiristanlığı araşdırmağa gedərkən fotoşop şəkillər də çəkmişdilər ki, bunlar da bizim əlimizdə idi. Gədikvənd qəbirstanlığının üzərindən torpaq yol da çəkiblər və böyük buldizerlərlə işlər aparıblar və tamamilə silinməyə gedən bir işdir. Qəbirstanlıqlarda bizim mövcud olan tariximizi, mədəni irsimizi silməyə hesablanmış bir işdir. Maraqlıdır ki, fotonu çəkməyə gedən ermənilərə aşağı kəndlərdən birində deyilibmiş ki, biz azərbaycanlılar kimi qəbiristanlıq dağıtmırıq.  Yəni yenə öz adlarını bizə qoymaqla yalan, uydurmalarından ibarət məlumat vermişdilər. Amma kəndə qalxan həmin erməni jurnalistlərin özləri etiraf edirlər ki, gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Heç bir qəbiristanda qəbir daşları salamat vəziyyətdə deyildi, hamısı ikiyə bölünmüşdü, parçalanmışdı”.

Bəli, ermənilərin vandallıqlarını zaman-zaman Ermənistan mətbuatı da təsdiqləyib. Faktlar göstərir ki,  bu qəbiristanlığın dağıdıldığı  Gədikvəng sırf azərbaycanlıların yaşadığı kənd olub.  Orada yaşayan 600 nəfərə yaxın soydaşlarımız 1988-ci ildə  Ermənistan tərəfindən  deportasiya edilib. İrsimizi  də qəbir daşları kimi məhv ediblər.

Son məlumatlara görə, azərbaycanlılar bu kənddən deportasiya ediləndən sonra burda  yaşayış olmayıb. Yəni, Ermənistan indiyədək orda məskunlaşma  aparmayıb. Gədikvəng kimi boş qalan kəndlərin sayı isə  onlarladır.

Mütəxəssisin növbəti araşdırması isə İrəvan  qalası ilə bağlıdır. Qalanın  196 il əvvəl  hazırlanmış planı aşkar edilib.  Sənədin orjinal variantı  bu gün Britaniyanın Milli Kitabxanasında  saxlanılır: “ Xəritədə  çay adları, dağ adları ərazilərin adları hamısı türkcədir. Məsələn, Zəngiçayı olduğu kimi göstərilir. Böyük bazar, bir də onu deyim ki, bu xəritədə, bu planda  İrəvan qalasının ərazisindən 400 metr ətrafı boşdur, bu müdafiə məqsədi daşıyır. Çünki o zamankı top atışında  bu ərazidə heç nə tikilməməli, inşa edilməməli idi ki, müdafiəni düzgün təmin  edə bilsinlər. Qırxbulaq çayının özü,  Zəngiçayının özü bütün hidronimlər, toponimlər hamısı türk dilində öz əksini tapmışdır. Bir faktı qeyd edim ki, biz bu planın hesabına gələcəkdə artıq İrəvan qalasının bütün müdafiə sisteminin ölçülərini hesablamaq imkanı əldə edəcəyik”-, deyə araşdırmaçı vurğulayıb.

Vaxtilə İrəvanın  mərkəzində ərsəyə gələn içərisində Sərdar sarayı və  Sərdar məscidi olan qaladan əsər-əlamət qalmayıb. Hazırda İrəvan qalasının yerində  amerikada yaşayan erməni diasporunun maliyyə vəsaiti ilə  yaşayış kompleksi inşa edilib. Böyük bir ərazini əhatə edən qalanın şimal divarlarının  yerində isə ermənilər konyak zavodu inşa ediblər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər