22.11.2024, 21:25
AZ EN
26.12.2022, 09:29 280

İrəvan şəhəri - Xan (Sərdar) məscidi

QƏRBİ AZƏRBAYCAN
  • Mənbələrdə qeyd olunduğuna görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti - Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onları dağıdaraq yer üzündən silməyə başlamışlar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan Sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilmişdir.

Tarixçilər yazdığına görə,ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar Sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidi”nin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində, söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. “Yəni bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılıb.

İrəvan qalasının Çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzənin şərəfinə yenidən qurulduğu üçün, məhz onun adı ilə adlandırılıb. Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılıb.

1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən, Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalıb. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülüb. Son vaxtlaradək Sərdar məscidinin 2-3 metr hündürlüyündə bir divarının qalığı qalmışdı. Ermənistan hökuməti məscidin qalığını “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim edib. Lakin erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişlər” - deyə bu, müxtəlif nəşrlərdə qeyd olunur.

Hazırda yerində Glendale Hills yaşayış kompleksi inşa edilmişdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər