Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlunun bu gün Baku TV-yə verdiyi məlumatda baş verənlərin səbəbi bir daha qeyd olundu. Belə ki, ermənilər digər xalqların keçdiyi təbii tarixi proseslərdən keçmədiyi üçün onlarda bir natamamlıq, qorxu hissi var. Düşmən azərbaycanlıları öz doğma yurdundan qovmaqla çalışırdı ki, onların kütləvi şəkildə kənardan gələrək torpaqlarımızda məskunlaşdıqlarına şahidlik etməsinlər. İkincisi isə, “Türksüz Ermənistan” şüarı həmişə onların əsas şüarı və məqsədi olub. Təəssüf ki, düşmən o vaxt istədiyinə nail oldu. Belə ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 min ailə olmaqla ümumilikdə 300 minə yaxın soydaşımız güclə çıxarıldı. 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirildi və 400-dən çox insan yaralandı. 300-dən artıq məscid, ocaq və ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silindi. Saysız-hesabsız tarixi abidələrimiz məhv edildi və yaxud da erməniləşdirildi.
Hesablamalara görə, 1988-ci ildən azərbaycanlı qaçqınlara dəyən ziyan 20 milyard dollardan çoxdur. Beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu ziyan 1 trilyon dollardır.
Azərbaycanlılar öz dədə-baba yurdları olan Qərbi Azərbaycanı nəinki unutmur, onlar öz doğma torpaqlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. Həm də, sadəcə oturub gözləmirlər, buna bütün varlıqları ilə can atırlar. Qərbi Azərbaycan icmasının sədri, deputat Əziz Ələkbərlinin dediyi kimi, bu günə qədər şüarımız “Qarabağ Azərbaycandır” idi, bundan sonra isə şüarımız “Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycan mahalları Azərbaycandır!”
Mina RƏŞİD