21.04.2025, 12:20
AZ EN
20.04.2025, 17:41 187

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

QƏRBİ AZƏRBAYCAN
  • Bu gün Ağstafanın Pirili kəndində ermənilər tərəfindən əzəli türk yurdu Qərbi Azərbaycanın Loru mahalının Yuxarı Körpülü kəndindən deportasiya olunmuş neçə-neçə ailə məskunlaşıb. İllər keçməsinə baxmayaraq, bu insanlar qəlblərində və zehinlərində bitib-tükənməyən, sönməyən yurd sevgisi və həsrəti ilə yaşayırlar. Tək arzuları isə bir gün öz dədə-baba ocaqlarına geri dönmək, oranı doğma nəfəsləri ilə isitməkdir.

Ramiz Mustafayev həyata gözünü dağlara sığınan Yuxarı Körpülüdə açıb, bu torpağın havası, suyu, çörəyi ilə böyüyüb, boya-başa çatıb. 70 yaşlı Qərbi azərbaycanlı deyir ki, xatirələrində yenidən canlandırdığı, yuxularında qovuşduğu doğma ata yurdundan ötrü çox darıxır. 33 yaşında ailəsi ilə birgə isti ocağını tərk etmək məcburiyyətində qalan soydaşımız orada keçən günlərin hər bir anını dəyərli hesab edir. Onun sözlərinə görə, Yuxarı Körpülüdə sonuncu deportasiyaya qədər ancaq azərbaycanlılar yaşayıb.

“Ailədə 6 övlad idik. Bağçılıqla məşğul olan atam bizi halal əməklə dolandırırdı. Ümumiyyətlə bərəkətli, münbit torpağı olan kəndimizdə hər kəs zəhmətkeş idi. Ötən əsrin 30-cu illərindən Mehralı Nəzirovun sədrliyi ilə kolxoz qurulub. Daha sonra İmran Məmmədovun xidmətləri ilə kolxozda köklü islahatlarla təsərrüfat qabaqcıl yerlərdən birini tutub. İnsanlar sovxozda tütünçülük, heyvandarlıq, meyvəçiliklə də məşğul olublar”, - deyən həmsöhbətim bildirir ki, dağlarla, meşələrlə əhatələnən kənddə əhalinin güzəranı yaxşı olub. Barlı-bərəkətli badam, alma, üzüm, şaftalı bağları zəhmətsevər insanların dolanışıqları ilə bağlı çətinlik çəkməsinə imkan verməyib. “Ermənilər paxıllığımızı çəkirdilər. Deyirdilər ki, azərbaycanlıların bitib-tükənməyən meyvə səbətləri var, aclıq nədir bilməzlər. Mehribanlığımız da onlarda həsəd yaradırdı. Bolluğun, bərəkətin, həmrəyliyin rəmzi olan Novruz bayramında bütün qapılarda tonqal qalanırdı, adət-ənənələrə əməl edilirdi. Göyçə, Borçalı, Qazax, Tovuz aşıqları, qara zurna toylarımızın əvəzedilməzi idi. Şax bəzədilirdi, cavanlar güləşirdilər, at çapıb nəmər alırdılar”, - deyə Qərbi azərbaycanlı vurğulayır.

Onun sözlərinə görə, Yuxarı Körpülüdə tibb məntəqəsi, rabitə şöbəsi, kitabxana da olub. Ətraf kəndlərlə müqayisədə ilk məktəb məhz bu yaşayış məntəqəsində yaradılıb. “Qoca Süleymanov ilk məktəbin direktoru olub, bir neçə fənni də özü tədris edib. Məktəbimiz Hümbət İsmayılov, Nadir Nəzirov kimi layiqli rəhbərlərin zamanında da ad çıxarıb. Ümumiyyətlə Yuxarı Körpülüdə nənəm, Sosialist Əməyi Qəhrəmanı Mərziyyə Mustafayeva, Qoca müəllimin oğlu, yazıçı Nəriman Süleymanov, yazıçı-tədqiqatçı Şəmistan Nəzirli, şairlər Kazım Körpülü, İsa Körpülü kimi çox sayda dəyərli insanlar yetişib”, - deyən müsahibim kənddə ötən əsrin 70-ci illərində məktəb üçün yeni binanın tikildiyini də xatırlayır. Kənd sakinləri bu tikiliyə nə səbəbdən ehtiyac duyulmasının səbəbini çox sonralar anlayıblar. “Kəndimizdə təpənin başında alban qəbirlərinin olduğu qədim qəbiristanlıq var idi. Ermənilər onu şumladılar, bütün izləri sildilər. Həmin yerdə yeni məktəb binası tikildi. Ümumiyyətlə Yuxarı Körpülüdə bir neçə yerdə qədim qəbirlər var idi. Onlardan bəziləri “Çinar dərəsi”ndə idi. Orada dairəvi əkilmiş yeddi çinar ağacı, “Çinar" bulağı yadımdadır. Digər kəndlərdən həmin yerə ziyarətə gəlirdilər”, - deyə müsahibim bildirir.

Vurğulayır ki, kəndin ahılları dağdağan ağaclarının da olduğu həmin ərazidə bir zamanlar albanların yaşadığını söyləyirlərmiş. Ramiz Mustafayev Yuxarı Körpülüdə türk toponimləri ilə adlanan digər yerlərdən də söz açır: “Qara”, “Zoğal”, “Alçalı”, Dürmək” bulaqları, “Qabaqdüz”, “Söyüdlü”, “Keçəl təpə”, “Çövüzlü dərə”, “Gen dərə”, “Qaçaq vurulan dərə”, “Şıxməmməd vurulan dərə”, “Kəmənd qaya”, “Yekə yal” təpəsi, “Şiştəpə”, “Babəkər dağı”, həmişə çənli-dumanlı olan “Qızıl qaya” adlanan yerlər var idi.

“Koroğlu qayası”nda isə əfsanəyə görə Koroğlunun at tövləsi olub”, - deyən Qərbi azərbaycanlı böyüklərdən dədə-baba yurdu olan kəndin əhalisinin daha öncə deportasiyaya məruz qalması barədə də eşidib. 1918-ci ildə Yuxarı Körpülü sakinləri ermənilər tərəfindən torpaqlarından qırğınlarla qovulublar. Sonradan həsrətə tab gətirməyərək yenidən geriyə dönüblər. “Milis işçisi idim. İrəvanda iştirak etdiyim 6 aylıq kursda nə qədər çalışsaq da, erməni müəllimlər bizə özününkülərlə fərq qoyurdular. Ziyəddin adlı iş yoldaşımla şəhərdə naryad zamanı qoca bir erməniyə küçə ticarəti ilə məşğul olduğu üçün irad bildirdik. O isə dedi ki, türklərdən onlara zərər gəlməz. Əksinə ermənilər türkdən qorxur, onun izlərini silməyə çalışır. Yaxındakı binanı göstərərək orada vaxtilə məscidi söküb, yerində kinoklub tikdiklərini də bildirdi”, - deyə həmsöhbətim xatırlayır.

Müsahibimin qismətinə erməni qəsbkarlarının məkrinin qurbanına çevrilmək də yazılıb. “1988-ci ildə ermənilərin bütün pis niyyətləri özünü daha açıq büruzə verirdi. Kəndimizin əhalisinə xəbərdarlıq edilmişdi ki, dədə-baba yurdumuzdan çıxıb gedək. Bizə çörək satılmırdı. Biz də məhsullarımızı sata bilmirdik. Başqa yerlərə gediş-gəliş üçün yolları bağlamışdılar. Gecələr tonqal yandırıb keşik çəkirdik. Gürcüstanın Qaçağan kəndindən azərbaycanlılar bizə ərzaq gətirib kömək edirdilər”, - deyə söyləyən Ramiz Mustafayev noyabr ayının sonunda ermənilərin təzyiqlərinin daha da artırdığını bildirir. “Avtobuslarla gələn əli silahlı daşnaklar kəndə girdilər. Bəzi evləri odladılar, ot tayalarını yandırdılar. Kənddən çıxmaq istəmədiyimiz üçün mənə, Əmiraslan həkimə, eləcə də digər kənd sakinlərinə əl qaldırmışdılar. Övladımın birinin 8, digərinin 6 yaşı var idi. Uşaqları, qocaları, qadınları nəzərə alaraq ev-eşiyimizdən quru canımızı götürüb didərgin düşdük. Qaçağan kəndinə, oradan da Ağstafaya üz tutduq”.

Qərbi azərbaycanlı deyir ki, yurd həsrətinə tab gətirmək çox çətindir, ancaq o da həqiqətdir ki, türk oğlu türk kül salıb, kök atdığı torpaqlardan heç bir zaman birdəfəlik getmir, mütləq ora geri dönür. Bir gün mütləq Qərbi azərbaycanlılar öz doğma ellərinə geri qayıdıb, tarixi irslərini yenidən bərpa edəcək, qətiyyət və əzmlə öz tarixi torpaqlarına sahib çıxacaqlar. (AZƏRTAC)

Oxşar xəbərlər