Bunu Dövlət Aqrar Universitetinin kafedra müdiri, dosent Zahir Ələsgərov bildirib. O, Qərbi Azərbaycanda keçən gənclik illərindən danışıb.
Ələsgərov Zahir Əmir oğlu 1960-cı il avqust ayının 16-da Qərbi Azərbaycanın Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olub. Orta təhsilini də elə burada alan Zahir müəllim 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) “Baytarlıq” ixtisasına qəbul olub, 1984-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 1988-ci ildə "Çiçəyə qarşı peyvənd olunmuş quşların orqanizminin immunobioloji reaktivliyinə yüksək temperaturun təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Zahir müəllim uşaqlıq illərini xatırlayarkən ailəsinin və yaxınlarının kənd təsərrüfatı ilə məşğul olduğunu deyib: “Doğma Göyçəni qarış-qarış gəzirdik. Yay aylarında dağlara köçür taxılçılıq, maldarlıq, arıçılıqla məşğul olurduq. Atamın böyük arıçılıq təsərrüfatı var idi. Atam ali təhsilli idi. Kəndlərdə təsərrüfatlarda mühasib işləyirdi. Bununla yanaşı, bizim özümüzün də 120-130 arı ailəsindən ibarət böyük arıçılıq təsərrüfatımız var idi. İldə üç dəfə bal süzürdük”.
1979-cu ildə ali təhsil almaq üçün Gəncəyə gələn Zahir Ələsgərov bu çıxışın onun doğma el-obasından son çıxışı olduğunu bilməyib. Ailəsi – ata, anası, bacı və qardaşları 1988-ci ildə Qərbi Azərbaycandan sürgün edilib.
“Ailə üzvlərimin Gəncəyə gələndə danışdıqları məni dəhşətə saldı. Mənfur ermənilər avtomobillərlə kənd-kənd gəzib insanları doğma yurdlarını tərk etməyə məcbur edirmişlər. Son vaxtlarda isə əli yalın qovmağa başlayıblar. İnsanlar mülklərini, bəziləri mal-qarasını qoyub qaçmaq məcburiyyətində qalıb. Çünki azğınlaşan düşmən insanların canına qəsd etməkdən belə çəkinmirmiş. Göyçə mahalı türk obası, türk eli idi. Hamımızı yurdumuzdan qovub çıxardılar”, - deyə Zahir müəllim o günlərin ağrı-acılarını dərin kədərlə xatırlayır.
Zahir Ələsgərov deyir ki, bir gün Göyçəyə, Kiçik Məzrəyə qayıdacağına inanır. Hətta, şəxsi avtomobili ilə getmək arzusunun da reallığa çevriləcəyinə inamı böyükdür: “Ulu Öndərimizin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Zəfərimizin memarı olan İlham Əliyev doğma Qarabağımızı qaytardığı kimi bizi Qərbi Azərbaycanımıza da qovuşduracaq. Mən buna inanıram və bütün tələbələrimə də deyirəm. Ən böyük arzularımdan biri də doğma Qərbi Azərbaycanımızda elmi-pedaqoji fəaliyyətimi davam etdirməkdir”. (AZƏRTAC)