25.04.2024, 20:56
AZ EN
28.03.2022, 11:45 504

Əmir Sədəddin ibn Seyfəddinin məzar daşı

QƏRBİ AZƏRBAYCAN

Əmir Sədəddin ibn Seyfəddinin məzar daşı Qərbi Azərbaycanın (indiki Ermənistan) Böyük Qarakilsə (Qeqarkunik) mahalının qədim Hortuyüz (Noratus) kəndinin yaxınlığında yerləşir. Hortuyüz kəndi Qarakilsə rayonundan 10–15 kilometr aralıda, rayon mərkəzindən qərbdə, Ərəfsə və Comərdlı kəndlərinə gedən yolun üstündə, Bazar çayının sağ sahilindədir. Mahalın ərazisinə görə ən böyük və qədim kəndlərindən biri olan Hortuyüzün əhalisini azərbaycanlılar təşkil edib. Əhali əsasən heyvandarlıq, əkinçilik və toxuculuqla məşğul olub. Hortuyüz kəndi ilk dəfə 1918-ci ildə, sonuncu dəfə isə 1988-ci ildə ermənilər tərəfindən dağıdılıb.

Bu barədə AMEA A.Bakıxanov adına tarix institutunun əməkdaşı Faiq İsmayılov məlumat verib. O qeyd edib ki, məzar daşı üzərindəki yazılardan onun 1305-ci ilə aid olduğu anlaşılır. Böyük sinə daşı hesab olunan qəbir daşının uzunluğu təxminən 2 metrə çatır. Sinə daşı ermənilər tərəfindən öz yerindən çıxarılaraq kənara aşırdılıb. Daşın üzərindəki oymanın bir tərəfində əjdaha ilə döyüşən iki nəhəng ilanın qucaqlaşan təsviri və digər yerində ceyran təsviri verilib.

“Başdaşı çərçivəsinin yuxarı hissəsində kobud nəsx xətti ilə iki sətirlik ərəb qrafikası ilə yazı həkk olunub. Yazıda Quran ayəsi ilə başlayan belə bir yazı verilib: “Bu, Allahın rəhmətinə nail olmuş mərhum şəhid, əzəmətli əmir, böyük Sədəddin ibn Seyfəddin Əbdin məzarıdır.... yeddi yüz dördüncü ildə, Ramazan ayında, bazar ertəsi günü vəfat edib”.

Əmir Sədəddin ibn Seyfin kim olduğu hələ məlum deyil. Ehtimal olunur ki, o, Səlcuq hökumdarlarından birinin əmiri olub. Amma hələ ki, bu, ehtimaldır. Ehtimal olsa belə bu məzar daşı sübut edir ki, sözügedən ərazilərin əzəli sahibləri türklər olublar”, - deyə Faiq İsmayılov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər