Müasir Ermənistan ərazisindəki qədim yer-yurd adları bu ərazinin əzəli sakinlərinin Azərbaycan türkləri olduğunu sübut edir. Yalnız son yüz ildə Qərbi Azərbaycan ərazisində qondarma Ermənistan dövləti yaradıldıqdan sonra İrəvan “Yerevan”, Göyçə “Sevan”, Zəngəzur “Sünik”, Dərələyəz “Vayodzor”, Basarkeçər “Vardenis”, Alagöz “Araqats” kimi saxta adlarla əvəz edildi. Zəngəzurun ən böyük rayonu olan Qarakilsə rayonu da bu cür erməni saxtakarlığına məruz qaldı. Qarakilsə rayonu Qərbi Zəngəzurun ərazisinə görə ən böyük rayonudur. Rayonun mərkəzi olan Qarakilsə şəhərinin adı burada hündür təpənin üzərində VII əsrdə boz tuf daşından inşa edilmiş Qarakilsə xristian məbədinin adı ilə bağlı olaraq yaranıb. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Qarakilsə kəndinin adı qeyd edilib.
Bu fikirləri AMEA-nın A.A.Baxıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. Onun sözlərinə görə, Qarakilsə rayonu ərazisində ən qədim xristian abidəsi V əsrdə inşa edilmiş Qızılkilsə məbədidir. Ərəfsə kəndi yaxınlığında yerləşən bu məbədin bir hissəsi hazırda dağılmış vəziyyətdədir. Qızılkilsə qədim Alban kilsəsidir. Qızılkilsə məbədində Alban xaç təsviri və kilsənin yaxınlığında qədim Alban məzarlığı aşkar edilib. Hazırda Ermənistan hakimiyyəti yanlış olaraq Qarakilsə rayonu ərazisindəki bir çox Alban məbədi kimi Qızılkilsə məbədini də erməni abidəsi kimi təqdim edir. Ermənistanın bu yalanını həm Qızılkilsə adının, həm də bu məbədin yerləşdiyi ərazidə qədim yer-yurd adlarının Azərbaycan türkcəsində olması bir daha ifşa edir. Azərbaycan xalqı tərəfindən uzun illər Qızılkilsə adlandırılan bu abidəni hazırda ermənilər xristianlığaqədərki bütpərəstlik tanrısı hesab edilən Anahitin şərəfinə Tanaat adlandırırlar. Özlərini xristian dünyasına əzabkeş toplum kimi təqdim edən ermənilərin bu dini məbədə bütpərəstlik tanrısının adını verməsi onların həqiqi xristian olmadığının açıq-aydın təsdiqidir.
Ramin Əlizadə bildirib ki, Qərbi Zəngəzurun ən böyük xristian abidələrindən biri olan Qarakilsə məbədi Qarakilsə rayonunun mərkəzində hündür təpənin üzərində VI-VII əsrlərdə inşa edilib. Bu məbəd boz tuf daşından tikildiyindən yağıntılı havada islandığı zaman çöl divarları qara rəngdə görünür. Buna görə də, bu məbəd yerli əhali arasında Qarakilsə adı ilə tanınıb. XIX əsrin birinci yarısında Zəngəzura köçürülmüş ermənilər uzun müddət bu məbədi Azərbaycan türkcəsində olduğu kimi “Qarakilsə” adlandırdılar. Qarakilsə məbədinin divarında Zəngəzurun Qıpçaq türk soyundan olan hakimi Göysoylu xanın, həmçinin xristian müqəddəslərinin rəsmi və “İncil”dən dualar təsvir olunub. Farslar bu Qıpçaq xristian xanını Kayozad adlandırıblar. 1931-ci ildə baş vermiş zəlzələ nəticəsində Qarakilsə məbədi ciddi dağıntıya məruz qaldı. 1940-50-ci illərdə erməni memarları bu məbədin memarlıq quruluşunda erməni-qriqorian elementləri daxil edərək əvvəlki görkəmini dəyişdirdilər. Ermənilər bu məbədin ön divarları üzərindəki iki pəncərəni daşla hörüb, məbədin divarı üzərində erməni dilində saxta yazılar həkk ediblər. Qarakilsə məbədinin həyətində qədim türk tayfalarının elat həyat tərzini əks etdirən daş sənduqələr, qoç daşları və Alban məzarlığı var idi. Ermənilər bu abidələrin böyük bir qismini məhv edərək yerində yeni erməni qəbiristanlığı salıblar. Bu məbədin ətrafında olan qoç daşları isə hazırda Qarakilsə rayonunun Tarix Muzeyinin həyətində baxımsız vəziyyətdə saxlanılır. 1961-ci ildə Qarakilsə məbədi erməni-qriqorian kilsəsinə çevrildi. Azərbaycan xalqının zəngin mədəniyyətinin mühüm tərkib hissəsi olan bu məbədin hazırkı görünüşü erməni memarları tərəfindən saxta elementlərin daxil edilməsi ilə ciddi saxtakarlığa məruz qalıb.
Qədim mənbələrdə Qarakilsə adı ilə tanınan yaşayış məntəqəsi XIX əsr xəritələrində də öz adı ilə qeyd edilirdi. Hətta Ermənistan SSR-nin yeni ərazi bölgüsü təşkil ediləndə 1930-cu il sentyabrın 9-da Qarakilsə rayonu yaradıldı. Lakin qısa müddətdən sonra erməni şovinistləri bu rayonun adını ləğv etdilər. 1940-cı il martın 2-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Qarakilsə adı qondarma “Sisian” adı ilə əvəz edildi. (AZƏRTAC)