Bu barədə Niger Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Assuman Mahamadu Şuşa şəhərində TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 9-cu iclasının bağlanış mərasimi çərçivəsində deyib.
"İllərdir Qarabağla bağlı bizə yalan məlumatlar verilirdi, lakin daim təhrif edilirdi. Şuşaya gəlməmişdən əvvəl düşünürdüm ki, mən ancaq xarabalıqları görəcəyəm. Bu gün şəhərin necə sürətlə dəyişdiyini öz gözlərimlə gördüm. Təəssüf ki, zəngin təbiəti, füsunkar mənzərəsi ilə yanaşı, 30 illik işğal illərində ermənilərin törətdiyi vandalizmin nəticələrini də gördüm. Azərbaycanın milli mədəniyyət abidələrinə hörmətsizliyin şahidi olduq. Mən də öz növbəsində Azərbaycan xalqının birliyinə çox heyranam. Bu gün Şuşa şəhərində tikinti-bərpa işlərinin əsas məqamı, məncə, məhz bu birlikdir", - deyə o bildirib.
Xatırladaq ki, aprelin 8-də Türk dünyasının 2023-cü il paytaxtı - Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilib.
Bu tədbir çərçivəsində görüş iştirakçılarına Şuşa şəhərinin görməli yerlərindən biri - Cıdır düzü və qala divarları, eləcə də xalq artistlərinin və əməkdar artistlərin iştirakı ilə muğam konserti təqdim olunub.("Trend")