AMB-dan bildirilib ki, şagirdlər virtual kurs vasitəsilə pulun yaranma tarixi, Azərbaycan Respublikasının milli pul nişanları haqqında ətraflı məlumat əldə edib, habelə pulların idarə edilməsi, effektiv xərclənməsi, qorunması, sığorta, rəqəmsal ödənişlər və maliyyə savadlılığının digər komponentlərinə dair bir çox suallara cavab tapıblar.
Martın 28-də şagirdlərin qeyd edilən kurs üzrə əldə etdikləri biliklərin qiymətləndirilməsi və onlara maliyyə savadlılığına dair əlavə resursların təqdim edilməsi məqsədilə Ağalı kənd tam orta məktəbinin pedaqoji heyəti və şagirdləri ilə əyani görüş keçirilib, şagirdlərin sözügedən kursla bağlı sualları cavablandırılıb və onlara Mərkəzi Bankın digər intellektual resursları barədə ətraflı məlumat verilib.
Mərkəzi Bank tərəfindən regionlarda maliyyə savadlılığının artırılması məqsədilə bütün əhali qruplarının, o cümlədən ali, orta və peşə ixtisası üzrə təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin seminar və kurslara cəlb olunması istiqamətində fəaliyyət davam edir. (AZƏRTAC)