Məktəbdə tədrisin başlaması ilə əlaqədar keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak edirlər.
Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları inşa olunub.
1876-cı ildən fəaliyyətə başlayan məktəb Ermənistanın işğalı nəticəsində viran edilmişdi. (AZƏRTAC)