22.07.2024, 02:21
AZ EN
21.06.2024, 16:39 241

“COP29-a həsr olunmuş Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçıları Zəngilan məscidində və “Ağalı” hotelində olublar

ŞƏRQİ ZƏNGƏZUR
  • “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçıları iyunun 21-də Zəngilan məscidində və “Ağalı” hotelində olublar.

Zəngilan məscidinə gələn qonaqlara təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan məscid barədə məlumat verildi. Bildirildi ki, Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyublar. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.

İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.

Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb.

Sonra “Ağalı” hotelinə gələn qonaqlara bildirilib ki, hotel Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.

Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.

Yüksək Səviyyəli Toplantının iştirakçıları, həmçinin “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumatlandırılıb. Bildirilib ki, ilk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Prezident İlham Əliyev tərəfindən qoyulub. İyirmi yeddi il işğal altında olan Zəngilan rayonu da ermənilər tərəfindən tamamilə dağıdılıb, bütün infrastruktur məhv edilib. Rayonun təbiəti də ekoloji terrora məruz qalıb. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq Qələbəsindən sonra işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Zəngilanda da genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. “Ağıllı kənd” layihəsi əsasında Ağalı kəndində qısa müddətdə quruculuq işləri həyata keçirilib. Böyük Qayıdış Proqramına uyğun olaraq ilk növbədə Ağalı kəndinin sakinləri doğma yurdlarına qayıdıblar.

Ağıllı kənd” konsepsiyası əsasında inşa olunmuş, müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu Ağalıda sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR