25.04.2025, 13:02
AZ EN
28.12.2023, 15:44 374

Laçında aparılan tikinti-quruculuq işlərində fərqlənən dövlət qurumları və şirkətlərin mükafatlandırma mərasimi keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri işğalçılardan azad edildikdən sonra burada çox qısa zamanda böyük tikinti-quruculuq işləri həyata keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın indi laçın çağlarını yaşayır desək, yanılmarıq. Qısa zamanda yenidən qurulan Laçın şəhəri indi göz oxşayır.

Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi olub.

“Lacınema” Kino Mərkəzində keçirilən mərasimdə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, "Bakı Abadlıq Xidməti" MMC, "Laçın Abadlıq Xidməti" ASC, "Azərenerji" ASC, "Azərişıq" ASC, "Azəriqaz" İB, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və bir çox şirkətlərin rəsmiləri iştirak ediblər.

Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək, iştirakçılara və laçınlılara bayram təbriklərini çatdırıb.

Çıxışlardan sonra Laçının yenidən qurulmasındakı fəaliyyətlərinə görə “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azəriinşaat” şirkəti mükafatlandırılıb.

Həmçinin şəhərin yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə “Laçın Abadlıq Xidməti” ASC, “Dam Plus”, “Komiforest”, “Nakhish”, "EL-EL”, “ARTE” şirkətləri, mədəni-kütləvi tədbirlərin təşkilində əvəzsiz xidmətlərə görə “Bakı Abadlıq Xidməti” MMC, yenidənqurma işlərinin və tədbirlərin işıqlandırılmasında göstərilən dəstəyə və xidmətlərə görə “Absheron Group Production” təltif edilib.

Tanınmış fotoqraf Reza Deqati Azərbaycan, o cümlədən Laçın həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlərinə görə, Əməkdar mədəniyyət işçisi, rəssam Elçin Orucov isə Laçın şəhərində mədəni həyatın dirçəlməsindəki xidmətlərinə görə mükafata layiq görülüb.

Mükafatçılara müəllifi Tural Rzaquliyev olan “Laçın qartalı” heykəli təqdim edilib.

Mərasim zamanı tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib. (AZƏRTAC)

Oxşar xəbərlər