22.11.2024, 01:21
AZ EN
21.12.2023, 13:25 316

Laçınlılar öz doğma yurdlarında suverenliyimizə səs verəcəklər

ŞƏRQİ ZƏNGƏZUR
  • Otuz bir il sonra doğma Vətənə qovuşmaq  zamanı gəldi. Abbasovlar ailəsi üçün də bu illər ərzində doğma evlərindən, dədə-baba torpaqlarından uzaqda yaşamaq çox çətin oldu.

 Laçının Zabux kəndindən olan Nəsib Abbasov ömrünün ən gözəl çağında Laçını tərk etmək məcburiyyətində qaldığını deyir: “1992-ci il may ayının 17-si kənddən çıxmışam. Laçından çıxandan sonra əvvəl İmişliyə gəldik, bir az orda yaşadıq, sonra 7 ay Cəlilabadda qaldıq. Ondan sonra isə Sabunçu rayonunun Pirşağa qəsəbəsində Neft Qayırma zavodunun pansionatında müvəqqəti məskunlaşdıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində biz bu xoşbəxt günlərin sevincini yaşayırıq. Artıq yurd-yuva həsrətimiz sona çatır. Onu da deyim ki, heç bir yanda görünməyən bir hadisədir ki, 31 ildən sonra torpaqlarımız geri alındı. İndi xoş üzlə doğma torpağımıza qayıdırıq”.

“Laçına ahıl çağımda qayıdıram. Sevincimin həddi-hüdudu yoxdur”,- deyən Əziyyət Abbasova isə bildirir ki, gətirdiklərimizi qaytara bilmərik, yəni ata-anamızı, qardaşımızı, onlar qərib yerlərdə dünyaya gözlərini yumdular. Gələndə çox idik, indi az qayıdırıq. Amma bununla belə mən çox sevindim və oğluma deyirəm ki, bilirsən də, kəndə yaxın bir yer var, mən ordan düşüb ayaqyalın gedəcəm kəndə, bunu əhd eləmişəm. Düzdür, o kənddə anadan olmamışam, Sus kəndində doğulub böyümüşəm. Amma mən Zabuxun çörəyini yemişəm, neçə illər ortda yaşamışam. Zabux da mənə doğmadır, əzizdir. Torpaqlarımız işğaldan azad olunanda mən sevindiyimdən qol götürüb oynadım”.

Bəli, Laçının işğaldan azad edilməsi xəbərini Abbasovlar ailəsi həyəcan, qürur, sevinc gözyaşları ilə qarşılayıb. Bunu onların üzlərindəki  ifadədən də sezmək çətin deyil. Əziyyət Abbasova deyir  ki, Laçınla bərabər onlar sanki yaşamamış 31 ili  geridə qoyublar. İndi isə həyatlarında yeni səhifə açılır. Ailə həm də ona görə sevinclidir ki,  onlar ilk dəfə ölkəmizin suverenliyinin tam bərpa olunduğu dönəmdə və doğma yurdlarında Vətənlərinin taleyinə səs verəcəklər. Doğma Azərbaycanımız öz liderini seçəcək. Xalqımız sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. Nəsib Abbasov deyir ki, seçki komissiyasının üzvüyəm. Seçkinin keçirilməsi çox gözəl şeydi. Hamı canfəşanlıqla bu seçkidə iştirak edəcək. Əziyyət xanım da seçkidə iştirak edəcəyindən məmnunluğunu ifadə edir və harda olur-olsun səs verəcəyini deyir və əlavə edir ki, ailəlikcə gedib böyük bir inamla, qürurla səs verəcəyik.

Onu da qeyd edək, Abbasovlar ailəsi iki gün sonra Laçının Zabux kəndinə qayıdır, əşyalarını tam yığıb hazırlaşmaları da onların nə qədər qürurlu və həyacanlı olduğundan xəbər verir. Bu isə uzun illərdən sonra Laçına qovuşacaqlarının sevinc qarışıq həyacanıdır. Abbasovlar ailəsinin də dediyi kimi, həsrət artıq sona çatır. Soydaşlarımıza öz doğma evlərində firəvan gələcək arzulayırıq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər