İTV-nin çəkiliş qrupu Həkəri çayının iki qollardan birinin mənbəsi yerləşən ərazidəki Oğuldərə kəndinin adı ilə bağlı olan Oğuldərə şəlaləsi ilə tanış olublar.
Bu şəlalə axarı boyunca yağış, qar və yeraltı sularla artaraq Şərqi Zəngəzurun simvollarından olan Həkəri çayını formalaşdırır. Arazın sol qolu olan Həkəri Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçir. Həkəri kiçik Qafqazın Azərbaycan daxilində Tərtər çaydan sonra ikinci böyük çaydır.
Oğuldərə kənd sakini Kamil Vəfadar reportaj zamanı bildirir ki, Həkəri çayının əsas mənbələrindən biri də bizim kəndimizdədir, burdan görsənmir, amma çayın səsi eşidilir. Biz göz açanda Həkəri çayının zümzüməsilə, həm də bu dəyirmanın çak-çakının səsi ilə böyümüşük. Yəni, bizim üçün bu çox doğma hislərdir. Buranın təbiəti çox zəngindir, gözəldir, həm də tarixdir.
Qeyd edək ki, işğala qədər Oğuldərədə sakinlərin əsas məşğuliyyəti arıçılıq, əkinçilik və maldarlıq olub. İki ildir ki, yurdun sahibləri kiçik təsərrüfatları ilə bura yaylağa gəlirlər. Çəkiliş zamanı İTV-nin əməkdaşları qonşu Qovuşuq kəndindən olan tanınmış xanəndə Əməkdar artist Ehtiram Hüseynovla Oğuldərəni ziyarət etdiyi zaman görüşüblər.
Oğuldərə Dəmirçi dağı, Çalbayır, Keşiş dağı, Buzxana dağı, Sarı yoxuş, Qiblə, Cəhənnəm dərəsi və Qəbrli yaylağı, eləcə də kiçik dağ silsilələri ilə əhatə olunub. Qələbədən sonra isə kənd sakinləri Adsız yüksəkliklərdən birinə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan həmyerliləri Şahgündüz Cabbarovun adının verilməsini istədiklərini vurğulayıblar.
Oğuldərə kənd sakini Füzuli Məmmədov bildirir ki, bütün kənd sakininin arzusudur ki, qayıtsın bu doğma yurd yerlərimizə. Və əlavə edir ki, bizim camaat torpağa bağlı camaatdı, inşallah, Allahın köməkliyi ilə elimiz hamısı qayıdacaq bura. Bizim kənd camaatının arzularından biri də odur ki, qarşımızdakı bu zirvəyə Vətən müharibəsinin şəhidi Şahgündüz Cabbarovun adı verilsin və bura Şahgündüz zirvəsi adlandırılsın.
Qeyd edək ki, Şahgündüz Cabbarov neft daşlarında işlədiyinə görə möhlət hüququna malik olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılıb və 2020-ci il oktyabrın 25-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə vuruşaraq qəhrəmancasına şəhid olub. Bu gün bu torpaqların çiçəklənməsinə ən çox şad olan da elə şəhidlərimizin ruhlarıdır. Onların ruhlarını şad etmək isə hər birimizin vətəndaşlıq borcumuzdur.
Hazırladı: Tahirə AĞAMİRZƏ