Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, institutun işçi qrupu tərəfindən tədqiqat ərazisində monitorinq keçirilərək bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müşahidələr aparılıb. Ekspedisiyanın məqsədi xüsusi qorunan təbiət ərazilərində bitki genofondunun qorunmasına torpaq göstəricilərinin və populyasiya, introduksiya üzrə qiymətləndirilmiş biomüxtəlifliyin təsirini öyrənmək, Oxçuçay ətraf ərazilərində torpaq-bitki örtüyü göstəricilərinin kompleks tədqiqi olub. Tədqiqat Zəngilan rayonu, Böyük Qayıdışın ünvanı Ağalı kəndi, Oxçuçay ətraf ərazisi, Beşdəli kəndi, Keçikli, Məmmədbəyli, Dağüstü park ətraf ərazilərində aparılıb.
Zəngilan rayonu Oxçuçay ərazisində təbii dendrofloranın bioekoloji xüsusiyyətləri araşdırılıb, bitki növlərinin müasir vəziyyətinin tədqiqi üzrə qeydlər edilib, nadir növlərin təbii bərpasının təmin edilməsində biomüxtəlifliyin rolunun öyrənilməsi istiqamətində təhlillər aparılıb. Bitki örtüyünün taksonomik tərkibinin təhlili, bitki növlərinin introduksiyası, reintroduksiyası, genofondun bərpası istiqamətində tədqiqatların aparılması nəzərdə tutulub. Mütəxəssislər tərəfindən təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyəti, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslərə iqlim dəyişkənliyinin təsiri təhlil edilib. Oxçuçay ərazisinin dendroflorasına iqlim dəyişkənliyinin təsirinin araşdırılması məqsədilə qeydlər aparılıb, bəzi təsərrüfat əhəmiyyətli bitkilər tədqiq edilib, bitki örtüyünün sistematik təhlil edilməsi istiqamətində nümunələr götürülüb.
Tədqiqat zamanı Zəngilan dendroflorasının taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsirinin öyrənilməsi, dərman əhəmiyyətli bitkilərin araşdırılması üzrə elmi tədqiqat işləri həyata keçirilib, bitki növlərinin bioekoloji xüsusiyyətlərini öyrənmək üçün vizual müşahidələr aparılıb. Proqrama uyğun olaraq Zəngilan rayonunda monitorinq keçirilərək ağac və kol bitkilərinin yayılma areallarının video və fotoşəkilləri çəkilib, meşə bitkilərinin taksasiyası araşdırılıb, bitki örtüyü təhlil edilib, bitkilərin yayılma arealları, formasiya və assosiasiyaları müəyyən edilib, antropogen və əlverişsiz iqlim amillərinin meşə fonduna təsiri araşdırılıb.
Oxçuçay ətrafı təbii bitki növlərinin təhlili, areallarda bitkilərin populyasiya vəziyyəti ağac, kol və ot bitkilərinin taksonomik tərkibi tədqiq edilib. Palıd cinsinə aid bir neçə növün eyni arealda olması, jasmin kolunun kiçik arealı, acılıq dərman bitkisinin, ağcaqayın cinsinə aid bir neçə növün arealı müşahidə edilib. Zəngilan rayonunun mərkəzində vaxtilə insanların həyətyanı sahələrində əkilmiş mədəni bitkilər, demək olar ki, yabanı bir meşəyə çevrilib, aylant, şeytanağacı mədəni floranı sıxışdıraraq məhv edib, otvari kəndalaş, qaratikan kolları, mayaotu, moruq bitkiləri keçilməz sədd yaradıb. Oxçuçay ətrafı bitki taksonlarının təbii arealının araşdırılması, ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi və antropogen təsirə məruz qalma səviyyəsinin müəyyənləşdirilməsi üzrə elmi araşdırmalar aparılır.
Zəngilan rayonunun Oxçuçay ətraf ərazisində dərman bitkilərinin yayılma arealları dəqiqləşdirilib, inventarizasiyası aparılıb.
İnstitutun işçi qrupu tərəfindən Ağalı kəndi, Oxçuçay ətraf ərazisi, Beşdəli kəndi, Keçikli, Məmmədbəyli, Dağüstü park ətraf ərazilərindən, Qoturbulaq, Ağalıq ərazilərindən torpaq, su və bitki nümunələri götürülərək laboratoriyalara təqdim edilib. İşğaldan azad olunmuş ərazilərdə iqlim dəyişmələri nəticəsində ağac və kol bitkilərinin davamlılıq dərəcəsi onların bioloji uyğunlaşma dərəcəsindən asılılığının təhlil edilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə bitkilərin birillik zoğlarının biometrik ölçüləri, yarpaq orqanında udulan CO₂ (karbon qazının) və suyun molekul miqdarı, xloroplastın temperaturu, fotosintez sürəti ilə əlaqədar transpirasiya, nisbi rütubət və digər parametrlərinin müvafiq avadanlıq vasitəsilə təyin edilməsi nəzərdə tutulur. (AZƏRTAC)