08.09.2024, 07:26
AZ EN
29.06.2023, 16:00 145

Laçında sevinc göz yaşları...

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunan Laçın şəhərinə yeni köçən sakinlər 31 ildən sonra ilk dəfə Qurban bayramını doğma yurdda qeyd ediblər.

İlk öncə müqəddəs bayram günü Vətən şəhidlərinin xatirəsi anılıb. Daha sonra 200-dən artıq laçınlının toplaşdığı musiqili bədii gecədə Azərbaycanın əslən laçınlı tanınmış musiqiçiləri və aktyorları çıxış ediblər. Həmçinin mərhum müğənni Məhəbbət Kazımovun ifasında dillər əzbəri olmuş, nisgil dolu “Laçınım mənim” mahnısının yeni aranjimanının təqdimatı olub. Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov, Dünyamin Alışov, Murad Rüstəmzadə, Ələkbər Əkbərov və aşıq Sahilin ifasında, Məhəbbət Kazımovun səsi ilə başlanan yeni aranjiman göz yaşları və sevinclə qarşılanıb. Aşıq Pərvizlə Aşıq Sahilin deyişməsi tamaşaçılarda ruh yüksəkliyi yaradıb. Xanəndə Şəmsəddin İbrahimovun çıxışları alqışlarla müşayiət olunub. Laçını uşaqlıq xatirələrində qoruyan aktrisa Mətanət Eresin aparıcılığı ilə davam edən, aktyorlar - Rauf Şahsuvarovun və Türkay Cəfərlinin Laçın haqqında yazılmış ən gözəl şeirlərdən parçalar səsləndirdikləri gecə Laçında uzun illərdən sonra ilk bayram və ilk mədəni layihə kimi tarixə yazılıb.

Sonda tədbiri təşkil etmiş Bakı Abadlıq Xidmətinin nümayəndəsi bu görüşlərin davamlı olacağını vurğulayaraq, bir zamanlar mədəniyyət mərkəzlərindən biri kimi tanınan Laçında bundan sonra da mütəmadi olaraq təqdimat, tamaşa və konsertlərin keçirilməsinə dəstək olacaqlarını söyləyib. (AZƏRTAC)

Oxşar xəbərlər