18.10.2024, 10:19
AZ EN
21.06.2023, 12:51 315

Fond direktorunun müavini: Zabuxda tikinti işləri müasir texnologiyalar əsasında aparılır

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunun Zabux kəndi yenidən qurulur. Kənddə tikinti işləri 81 hektar ərazidə aparılır.

Bunu Məcburi köçkünlərin sosial inkişaf fondunun direktor müavini Vüqar İmranov deyib. Vüqar İmranov bildirib ki, kənddə hər bir evin 9 sot həyətyanı torpaq sahəsi var. Kənddə tikiləcək 223 evin 53-ü ikiotaqlı, 116-sı üçotaqlı, 28-i dördotaqlı, 26-s isə beşotaqlı olacaq: "Minkənd çayı Zabux kəndini iki hissəyə ayırır, bu səbəbdən kənddə uzunluğu 72 metr olan üç aşırımlı avtomobil körpüsünün də inşasına başlanıb".

Onun sözlərinə görə, kənddə avtomobil körpüsü ilə paralel piyada körpüsü də inşa olunacaq. Çaylarda sululuğun artdığı zamanlarda yaşana biləcək fəsadların qarşısının alınması üçün 3200 metr uzunluğunda istinad divarları da inşa olunur.

V. İmranov bildirib ki, Zabux kəndində aparılan tikinti işləri müasir texnologiyalar əsasında aparılır: “Zabux kəndi işğaldan azad olunduğu an, öncə ANAMA-nın əməkdaşları təmizlik işlərinə başladı. 2023-cü il fevralın 1-də isə biz burada söküntü işlərinə başladıq. Köhnə qalmış xarabalığı söküb təmizlədik və tullantı meydançasına daşıdıq. İşğalçılar Zabux kəndində 63 ev inşa etmişdi. Biz onların da söküntüsünü həyata keçirdik. Bu kənddə ermənilərin tikdikləri tikintidən heç bir iz qalmayıb”.

Qeyd olunub ki, Zabux kəndində tikinti-quruculuq işlərinə martın 1-də start verilib. Baş plan üzrə kənddə 223 evin tikilməsi nəzərdə tutulub. Hazırda kənddə 50 çarpayılıq uşaq bağçası, yol infrastrukturu qurulur, kanalizasiya, su, işıqlandırma, abadlıq işləri və kənd daxili gözəl park layihəsi nəzərdə tutulub: “Xüsusilə qeyd etmək istəyirəm ki, digər layihələrdən fərqli olaraq burada iqlim şəraiti sərt olduğu üçün xüsusi olaraq nəzərə alınıb ki, evlər termoizolasiya, yəni evlərin daş yun ilə üzlənməsi həyata keçirilir.

Eyni zamanda alternativ enerji ilə paralel olaraq günəş enerjisi ilə istifadə olunması da planlaşdırılıb. Bu da onu göstərir ki, Qarabağda həyata keçirilən bütün layihələrin hamısı ən yüksək səviyyədə, yüksək texnologiyalar əsasında icra olunur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 may 2023-cü il tarixində Laçın şəhərinə səfəri zamanı laçınlı ailələrlə görüşdə zabuxluların da qısa müddətdə öz torpaqlarına qayıdacağını bildirib.

Bildirilib ki, bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.

Zabux və Sus kəndləri Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilib. (APA)

Oxşar xəbərlər