18.10.2024, 10:19
AZ EN
14.06.2023, 14:40 325

Ermənilərin ekoloji terrora məruz qoyduğu çaylar alimlərin diqqətində

ŞƏRQİ ZƏNGƏZUR
  • Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqat aparıblar. Tədqiqat zamanı işğaldan azad edilmiş ərazilərdən keçən üç çayda – Oxçuçay, Həkəri və Bəsitçayın işğal dövründə ekoloji terrora məruz qalmasından sonrakı vəziyyəti öyrənilib.

“Vətən səsi” xəbər verir ki, laborator müayinələrə əsaslanan araşdırmalar “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılıb. Belə ki, Azərbaycan Elm Fondunun maliyyələşdiridiyi layihənin şərtlərinə uyğun olaraq, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, həmin kafedranın əməkdaşları Aytən Səmədova və Nailə Cəfərova həmin çayların tullantılarla çirkləndirilməsi səviyyəsini öyrəniblər. Tədqiqat ərazisində Oxçuçay üzrə müxtəlif məntəqələrdən (Sayıflı, Bürünü və Cahangirbəyli), həmçinin Həkəri və Bəsitçaydan nümunələr götürülüb. Laborator analizlərin nəticələrinə əsasən, çay sularının zəhərli maddələrdən təmizlənməsi, işğal dövründə sözügedən su mənbələrində törədilmiş ekoloji terrorun fəsadlarının aradan qaldırılması səmərələşdirici təkliflərin hazırlanması nəzərdə tutulub.   
Xatırladaq ki, “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” layihəsi Azərbaycan Elm Fondunun 2022-2024-cü illərdə “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qalibi olub. Layihənin məqsədi transsərhəd çaylarından su və dib çöküntüsü nümunələrinin götürülərək çirklənmə dərəcəsinin təyin edilməsidir. Oxçuçay, Həkəri və Bəsitçayda aparılan tədqiqat işlərində BDU-nun Ekoloji kimya kafedrasının əməkdaşları ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak edib. 

Elxan Salahov 

Oxşar xəbərlər