Türkiyənin kənd təsərrüfatı sığortaları sistemi – TARSİM-in İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərlik etdiyi nümayəndə heyəti Zəngilan rayonunun kənd təsərrüfatı imkanları və Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi üzrə görülən işlərlə tanış olub.
AZƏRTAC-ın yaydığı xəbərə görə, qonaqlara “ağıllı kənd” layihəsinin yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edildiyi barədə məlumat verilib. Bildirilib ki, ərazidə 200 fərdi yaşayış evi, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. “Ağıllı kənd” əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı olacaq. Kənddə yaradılacaq “ağıllı kənd təsərrüfatı” sistemi üzrə müasir texnologiyalar əsasında tarla, bağ və fermalar qurulacaq, burada meyvə, tərəvəz, ət və süd məhsulları istehsal ediləcək.
TARSİM-in İdarə Heyətinin sədri Kərim Üstün deyib: “Bu gün qardaş Azərbaycanın işğaldan azad olunan torpaqlarında olmaqdan çox xoşbəxtəm. “Ağıllı kənd” layihəsi çərçivəsində həyata keçirilən işləri görəndə çox təsirləndim. Buradan qovulmuş sakinlərin yenidən öz yurdlarına geri dönüb yaşamaları o insanlar üçün böyük xoşbəxtlikdir”.
K.Üstün bildirib ki, TARSİM rəhbərliyinin Zəngilana, Ağalı kəndinə səfərində məqsəd Türkiyənin bu layihəyə dəstək imkanlarını, o cümlədən aqrar sığorta mexanizmi üzrə atılacaq addımları araşdırmaqdır: “Fikirlərimizi dəyərləndirərək layihələrimizi təqdim edəcəyik. Təbii ki, burada normal şərait, əraziyə uyğun su təminatı mövcuddur. Müasir texnologiyalar ilə bunları birləşdirib işlərimizi həyata keçirə bilərik. İnsanların burada sağlam yaşamasına bizim də köməyimiz olacaq”.
TARSİM İdarə Heyətinin sədr müavini Mete Gülerin, İdarə Heyətinin üzvü və baş meneceri Serpil Günalın, İdarə Heyətinin üzvü Bekir Engürülünün və baş direktorun müavini Tufan Özelin də daxil olduğu nümayəndə heyətini Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və Fondun digər rəsmiləri müşayiət edib.