Bunu Prezidentin izi ilə Laçına təşkil olunmuş mediatur çərçivəsində açıqlamasında "Laçın" İstirahət Mərkəzinin icraçı direktoru Moris Kərimov deyib.
Onun sözlərinə görə, sözügedən istirahət kompleksi regionda turizmin inkişafına xidmət edən mühüm layihələr sırasındadır:
“İstirahət mərkəzinin ümumi ərazisi 11,2 hektardır. Burada sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi qurulub”.
M.Kərimov bildirib ki, mərkəzdə müxtəlif kateqoriyalı 120 otaqlı hotel binası və 8 kottec inşa edilib:
"Otel və kotteclər ümumilikdə 324 nəfərin istirahəti üçün nəzərdə tutulub. Qonaqların normal istirahətinin təmin olunması üçün hər iki məkan müasir tələblər səviyyəsində inşa edilib.
Kompleksdə işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, o cümlədən, 100 nəfərlik konfrans zalı və toplantı otağı da yaradılıb”.
İcraçı direktor əlavə edib ki, istirahət mərkəzində vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif əyləncə məkanları da qonaqların ixtiyarına verilib:
"Buraya karaoke, bilyard, VR oyun zonaları və uşaq əyləncə mərkəzi daxildir. Həmçinin istirahət kompleksinin ərazisində futbol və basketbol meydançaları inşa olunub, velosiped və yürüş zolaqları salınıb".
O, mərkəzdə çalışacaq 174 nəfərdən 122-sinin Laçın və Kəlbəcər rayonlarının, həmçinin azad edilmiş digər ərazilərin sakinləri olduğunu vurğulayıb. (Report)