“Holcim Azərbaycan” ASC-nin hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sement terminalı fəaliyyət göstərir. ASC-nin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkındakı sahə rəhbəri Mübariz Məmmədov bildirib ki, 2021-ci ildən “Holcim Azərbaycan” Qarabağın yenidən qurulmasında mühüm rol oynayır: “Əvvəlcə sement məhsullarımızı yollar, tunellər və hava limanları kimi böyük infrastruktur layihələri üçün təqdim etdik. Hazırda isə yaşayış evləri, məktəblər, xəstəxanalar və inzibati binalar üçün sement təmin edirik. Qaradağ sement zavodumuzdan məsafə 300 kilometrdən çox olduğuna görə, bölgədə terminal yaratdıq. Bu terminal müştərilərimizə daha sürətli və asan xidmət etməyə imkan verir. Sementin çatdırılma vaxtını 24 saatdan 4 saata qədər azaldırıq”.
Zavodun dəmir yolu şəbəkəsinə qoşulması daşınmada yük maşınlarından dəmir yoluna keçməyə kömək edir. Bu, eyni zamanda, karbon qazı emissiyalarını azaldır.
“2023-cü il mayın 4-də Prezident İlham Əliyev “Holcim” terminalının təməlqoyma mərasimində iştirak edib. Bu, bölgənin inkişafı üçün böyük bir addım olub. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə sement terminalımız fəaliyyət göstərir. Biz artıq beton istehsalına da başlamışıq və gələcəkdə daha çox tikinti materialı istehsal etməyi planlaşdırırıq. Biz bölgənin dayanıqlı inkişafına və müştərilərimizə yüksəkkeyfiyyətli həllər təqdim etməyə sadiqik”, - deyə sahə rəhbəri bildirib.
Qeyd edək ki, Sənaye Parkında ümumi investisiyalarının həcmi 150 milyon manata yaxın 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb. (AZƏRTAC)