21.11.2024, 20:11
AZ EN
20.08.2022, 15:10 212

Laçın sakini: Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam

ŞƏRQİ ZƏNGƏZUR
  • 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən məğlubiyyətə uğrayan Ermənistanın işğal altındakı digər torpaqlarımız kimi, Laçın şəhərini, rayonun Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytaracağı günə az qalıb. Azərbaycan dövləti üçtərəfli bəyanata əsasən Laçın dəhlizinə alternativ yolun çəkilişini artıq başa çatdırıb. Beləliklə, Kəlbəcərdə, Ağdamda olduğu kimi, Laçında da qanunsuz məskunlaşan ermənilərin torpaqlarımızı tərk edəcəyi günə az qalıb.

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində laçınlı keçmiş məcburi köçkünlərin iki ilə yaxın gözlədikləri şad xəbəri elan etdi: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.

Prezidentin bu müjdəli xəbərini böyük sevinc hissi ilə qarşılayan Laçın şəhərinin, həmçinin Zabux və Sus kəndlərinin sakinləri artıq doğma yurda qayıdışa hazırlıq görürlər. Onlar illərdir həsrətində olduqları torpaqlara dönəcəkləri günü səbirsizliklə gözləyir, doğma yurdlarına qayıdandan sonra görəcəkləri işlərlə bağlı xəyallar, planlar qururlar,

Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış Laçının Sus kəndindən olan məcburi köçkün Əhmədovlar ailəsinin başçısı Tofiq Əhmədov əvvəlcə kəndlərinin təbiətindən, gözəlliklərindən bəhs edib: “Kəndimiz Həkəri çayının kənarında dağ döşündə yerləşir. Kəndin üst tərəfində səfalı meşə, meyvə bağları var idi. Otlaqlarımız, biçənəyimiz, əkin yerlərimiz var idi. Bulaqlarımızın gözəl suyu olurdu. Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam. 30 ildir yurdumuza, oradakı gözəlliklərə həsrət qalmışdıq. Şükürlər olsun, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində biz yenidən doğma kəndimizə qayıdacaq və bu ata-baba yurdumuzda əbədi yaşayacağıq”.

Tofiq Əhmədov məcburi köçkünlük illərində çox çətinliklər çəkdiklərini, lakin ən böyük çətinliyin yurd həsrəti, Laçından ayrı düşmək olduğunu deyib: “Çətinliyimiz çox olub. Laçın işğal olunandan sonra qardaşlarımla bir-birimizdən ayrı düşdük. Əvvəlcə Bərdədə yaşadıq. Sonra dövlət tərəfindən bizə fin evləri tikildi. O qəsəbədə bir neçə il yaşadıq. Bütün çətinliklərə sinə gərdik. Sonra Taxtakörpü ərazisində gözəl şəraiti olan qəsəbə salındı. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində xeyli iş görüldü”.

Laçın sakini indi ailəsi ilə birlikdə doğma kəndlərinə qayıdacaqları günü gözlədiyini bildirib: “Prezidentimizin Azərbaycan televiziyasına müsahibəsini ailəmizlə birlikdə izlədik. Sevindiyimizdən bir-birimizi qucaqladıq. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə sağlamlıq arzulayırıq. Səbirsizliklə gözlədiyimiz vaxt gəlib. İndi gözləyirik ki, kəndimizə qayıdaq. Əminik ki, orada da sakinlər üçün gözəl şərait yaradılacaq və hər kəs yurduna dönəcək. Laçın üçün, öz kəndimiz Sus üçün çox darıxmışam. Laçına qayıdanda, ilk növbədə, kənd qəbiristanlığına gedib, qohumlarımın qəbirlərini ziyarət edəcəyəm. Bulaqlarımızdan su içib, üzümə su vuracağam, sonra evimizə gedəcəyəm”.

Ailənin xanımı Leyla Əhmədova söhbət zamanı kəndləri ilə bağlı xoş xatirələrini danışıb: “Bağ-bağatımız vardı. Evimizin arxasında kəklikotu, quzuqulağı, cincilim, gicitkən və digər bitkilər yetişirdi. Yığıb çay dəmləyirdik, kətə bişirirdik. Artıq həsrətin sonudur. Kəndimizə gedəcəyik. Çox sevinirik. Bağlarımıza gedəcəyəm, yolumuza, bulağımıza baxacağam. Pencər yığıb kətə bişirəcəyəm. Arzu edirəm ki, bütün köçkünlər bizim kimi sevinsinlər”.

Tofiq kişinin nəvəsi Sadiq Laçını görməsə də, baba-nənəsindən kəndləri haqqında çox eşitdiyini, baba yurduna getməyi hər zaman arzuladığını bildirib: “Ağcabədi rayonunun Taxtakörpü ərazisində anadan olmuşam. Babam, nənəm Laçından çox danışıb. Odur ki, qəlbimdə Laçın sevgisi böyükdür. Laçının təbiətindən, bitkilərindən, uşaqların çayda çimməsindən o qədər danışıblar ki, Laçını görməsəm də qəlbimdə baba yurduma qarşı böyük sevgi var. Mən də Laçına getməyi səbirsizliklə gözləyirəm”. (AZƏRTAC)

Oxşar xəbərlər