Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov “Malıbəy” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində deyib.
O bildirib ki, bu gün təməli qoyulan stansiya Kəlbəcər və Laçın rayonlarında kiçik su elektrik stansiyalarının inşası üzrə layihə çərçivəsində tikilir.
“Bildiyimiz kimi, “Azərbaycan İnvestisiya Şirkəti”, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” arasında imzalanmış müqaviləyə əsasən, ümumilikdə 5 kiçik su elektrik stansiyası istismara veriləcək. Layihə azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk su elektrik stansiyası layihəsidir. Regionda infrastruktura strateji investisiyaların cəlb olunmasında uğurlu nümunəyə şahidlik edirik. Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Layihələr Kəlbəcər və Laçının infrastruktur təminatında mühüm rol oynayacaq, bölgənin təmiz enerji təminatını gücləndirməyə töhfə verəcək. Azərbaycanın COP29-a ev sahibliyi ərəfəsində bu cür layihələrin həyata keçirilməsi ölkəmizdə ətraf mühitin qorunması və yaşıl artım prinsiplərinə sadiqliyi aydın göstərir”, - deyə nazir müavini vurğulayıb. (AZƏRTAC)