22.11.2024, 07:01
AZ EN
13.11.2023, 20:58 250

Böyük Qayıdışın Laçın dövrü

ŞƏRQİ ZƏNGƏZUR

Yenidən qurulan şəhərə indiyədək 315 ailə köçürülüb

Hər bir küçə, hər bir döngəsində yeni həyatın canlandığı Laçında artıq 315 ailə məskunlaşıb. Yeni ailələrin köçürülməsi üçün rayonda tikinti-bərpa işləri davam edir. Qarabağın bu dilbər guşəsində həyat öz axarı ilə gedir. Yaxın tarixə diqqət edək. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Laçının da bəzi kəndlərinin işğaldan azad olduğunu açıqlamışdı. Bunlar Qubadlı rayonuna yaxın olan Güləbird, Səfiyan və Türklər kəndləri idi. Qarabağın ətrafında yerləşən yeddi rayondan biri olan Laçın ərazisinin böyüklüyünə görə Kəlbəcərdən sonra ikinci yerdədir. Rayonun ərazisində bir şəhər, bir qəsəbə və 125 kənd var.  Laçın qərbdən Ermənistanla sərhəddə yerləşdiyindən  o kifayət qədər strateji əhəmiyyətə malikdir.

İlham Əliyev: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bir güllə atmadan biz  Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək. Güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək bu dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək”.

Laçının azadlığa qovuşduğu gün Prezident İlham Əliyevin xalqa müraciəti əslində gələcək üçün yol xəritəsini müəyyən edirdi. 8 may 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş rayon düz 28 ildən sonra  öz azadlığına qovuşmuşdu. 2022-ci il avqustun 26-da isə Azərbaycan ordusu Laçını şəhərinə, Zabux və Sus kəndlərinə daxil olur və Prezident şəhərin mərkəzində Azərbaycan bayrağını ucaldır. Sentyabrın 20-də isə Prezidentdən sözügedən kəndlərin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayır.

Qeyd edək ki, Zabux və Sus kəndləri Laçın şəhərinin mərkəzinə yaxın məsafədə yerləşir. Zabux inzibati ərazi vahidi kimi 4 kəndi, Zabux, Sus, Qızılca və Bəylik kəndlərini özündə birləşdirir. Vaxtilə bu kəndlərin heç birində erməni əhalisi yaşamayıb. Bu ərazilər 1992-ci ildə Ermənistan silahlı quldur birləşmələri tərəfindən işğal olunandan sonra Suriyadan, Livandan köçürülən ermənilər üçün yeni evlər tikilmiş, burda qanunsuz məskunlaşma aparılmışdı. Kəndlər öz əzəli sahiblərinə qayıdandan sonra  burda da sürətli bərpa-yenidənqurma işləri həyata keçirilib.

Qeyd edək ki, 81 hektar olan Zabux kəndinə 245 ailənin  köçürülməsi nəzərdə tutulub. Kənddə 50 yerlik uşaq baxçası,  inzibati bina, tibb məntəqəsi də inşa edilib. Ümumiyyətlə, Laçında sürətli bərpa-yenidənqurma işlərinə start verilib. Hazırda şəhər əsl tikinti meydançasını xatırladır.  Baş plana əsasən şəhərdə ümumilikdə  700 bina bərpa edilir. Onlardan 620-si  fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda 71 inzibati bina yenidən qurulur. Laçında bir sıra infrastruktur layihələr də icra edilib. Şəhər ərazisində 7 park, idman kompleksi və Həkəri çayının ətrafında çimərlik istirahət mərkəzi salınıb.

Milli Məclisin deputatı Mahir Abbaszadə “Real” TV-yə açıqlamasında bildirib ki, bu günlər ərzində Laçını rayonunun həyatında çox şeylər dəyişdi. Əsas dəyişən məsələlərdən biri rayonda infrastruktur layihələrin hazırlanması, evlərin bərpa edilməsi və bu bir il müddətində rayonda su elektrik stansiyalarının istifadəyə verilməsi və bütövlükdə Laçın rayonuna insanların geri qayıdışının təmin edilməsidir. Son bir il ərzində Laçın rayonunun Güləbird, Qorçu və Şəlvə kəndlərinin təməlqoyma mərasimləri qeyd olunub, baş planları təsdiq edilib və beləliklə, Laçın rayonunun fikirləşirik ki, ilin sonuna qədər şəhər mərkəzi daxil olmaqla, Zabux kəndi ilə birlikdə təxminən 1000 ailənin köçürülməsi təmin ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanımın rayona səfərləri, insanarla görüşləri onlarda xüsusi bir təəssürat yaradıb və  beləliklə, biz bütövlükdə Böyük Qayıdış prosesini həyata keçirə bilirik. İnanıram ki, qarşıdakı illərdə də Azərbaycan Respublikasının iqtisadi gücü sayəsində Laçın rayonunun digər kəndlərinin bərpa prosesləri sürətli davam edəcək. Burada iqtisadi imkanlarımız sayəsində iş yerlərinin yaradılması təmin ediləcək. İnsanların dayanıqlı köçürülməsi və sosial müdafiəsi təmin ediləcək ki,  bu da bütövlükdə ölkəmizin inkişafından xəbər verir”

Qeyd edək ki, hazırda Laçına 315 ailə olmaqla,  1204  sakin köçürülüb. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Bu ay isə  daha 75 ailənin  Laçın şəhərinə köçürülməsi planlaşdırılır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR