O deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə Zəngilan rayonunun Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası üzrə yenidən tikildi və ötən il öz sakinlərini qəbul etdi. Ağalı kəndi bərpa olunan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yeni simasıdır. Ümumiyyətlə, ermənilərin dağıtdıqları bütün ərazilər bərpa ediləcək.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı çərçivəsində 2022-2026-cı illərdə işğaldan azad olunmuş ərazilərdə 8 şəhər və 100 kəndin bərpası planlaşdırılıb. 2026-cı ilə qədər 100 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıda biləcək. Bu proses artıq geniş vüsət alıb. Belə ki, bu günə qədər 2000-dən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdıb, ilin sonuna qədər isə 5500 nəfərin qayıdacağı nəzərdə tutulub”.
Deputat vurğulayıb ki, Böyük Qayıdışa dair l Dövlət Proqramı sürətlə icra olunur:
“Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər çərçivəsində mütəmadi olaraq yeni infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edir. Sentyabrın 28-29-da Zəngilana edilmiş səfər də bu baxımdan çox zəngin və əhəmiyyətli idi. Prezident İlham Əliyev səfər çərçivəsində Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını etdi, Alıbəyli və Zəngilan kəndinin, Zəngilan şəhərində 2,3 və 4-cü yaşayış məhəllələrinin, o cümlədən bir çox infrastruktur layihələrinin təməlləri qoydu. Zəngilan rayonu işğaldan azad olunmuş digər ərazilərimiz kimi özünün yüksək inkişaf dövrünü yaşayır. Zəngilan Konqres Mərkəzinin cəmi 6 ayda tikilərək istifadəyə verilməsi və beynəlxalq tədbirə ev sahibliyi etməsi dövlətimizin gücünü göstərir.
Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpasını kənardan heç bir maliyyə yardımı almadan təkcə özünün iqtisadi gücü hesabına həyata keçirir. Bu, Azərbaycanın böyüklüyünün və işğaldan azad olunmuş ərazilərin bizə məxsus olmasının əyani sübutudur”.
Onun sözlərinə görə, sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çox əhəmiyyətli tarixi hadisə idi. Bu Forumun məhz yenidən qurulan şəhərlərdə keçirilməsi Azərbaycanın niyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa imkan verir: “Forumda çıxış edən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlər və regiona baxışlarımızla bağlı dəyərli məlumatları dünya ictimaiyyətinə çatdırdı. Beynəlxalq güclərin münaqişələrə ikili standartlar prizmasından yanaşması nəticəsində torpaqlarımız 30 il erməni işğalında qaldı və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmayaraq əhəmiyyətsiz kağız parçası halına gəldi. Halbuki, İkinci Qarabağ müharibəsi baş verməyə və Ermənistanla Azərbaycan arasındakı münaqişə sülh yolu ilə tənzimlənə bilərdi. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin keçmiş münaqişəyə birtərəfli yanaşması və işğalı əbədiləşdirmək istəməsi müharibəni qaçılmaz etdi və Azərbaycan suveren ərazilərinin bütövlüyünü güc yolu ilə bərpa etməyə məcbur oldu. Sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirlərinin cəmi 24 saata yaxın davam etməsi Azərbaycanın başqa ölkənin ərazilərində gözü olmadığının göstəricisidir. Əgər qonşu ölkənin ərazilərinə iddiamız olsaydı, antiterror tədbirləri daha geniş formada davam edərdi və böyük ərazilər nəzarətimizə keçərdi. Azərbaycanın məqsədi özünün suveren ərazilərində konstitusion dövlət quruluşunun bərpa edilməsi idi və buna da nail oldu. İndi isə sülh və əməkdaşlıq içində yaşamaqla qurub-yaratmaq dövrüdür. Azərbaycanın bütün baxışları ancaq sülh və birgəyaşayış üzərində qurulub. Prezident İlham Əliyevin Forumdakı çıxışda səsləndirdiyi fikirlər də ancaq sülhə və əməkdaşlığa xidmət edir. Azərbaycan ermənilərin 30 ildə viran qoyduğu əraziləri yenidən bərpa edərək keçmiş məcburi köçkünlərini təhlükəsiz və müasir yaşayış məntəqələrinə qaytarır. O cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verir”