Ancaq 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin güclü ordumuz və vahid xalqımızla birgə başladığı Zəfər yürüşü ilə qazandığımız Qələbədən dərhal sonra düşmənin yer üzündən silməyə çalışdığı şəhər və kəndlərimizdə möhtəşəm quruculuq işləri başlandı. Aradan cəmi 3 il keçməsinə baxmayaraq bu gün doğma torpaqlarımızda ürəkaçan mənzərələrin şahidi olduq. Zəngilana, Tərtərə, Laçına böyük qayıdışımızla bütün dünyanı mat qoyduq...
Zəngilan rayonunun Ağalı kəndi ilə bağlı hazırlanan yeni videoçarx da dediklərimizə bir sübutdur.
Qeyd edək ki, həmin çarxı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi hazırlayıb.
Vaxtilə vətənimizin cənnət guşələrindən biri olan Zəngilanı 30 illik işğaldan sonra tanımaq mümkün deyildi. Şanlı qələbəmizdən, torpaqlarımızın azad edilməsindən çox vaxt keçməsə də, Zəngilan sürətlə dəyişir. Torpaqlarımızın öz sahiblərinə qovuşmasından cəmi 3 il, Zəngilanın Ağalı kənd sakinlərinin ilk köçündən isə 1 il keçir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ilk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. Bu kənd tamamilə yenidən qurulub və buruda insanların rahatlığı üçün zəruri olan hər şərait yaradılıb. Bu il, 19 iyulda ağalılar öz qayıdışlarının 1-ci ilini qeyd edəcəklər.
Videoda böyük qələbəmizlə azadlığına qovuşan kəndin 2020-ci ildəki ürəkdağlayan görüntüləri ilə bugünkü fərəhli mənzərələrini müqayisəli şəkildə diqqətinizə təqdim edirik.
Mina RƏŞİD