Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O, bölgənin infrastrukturunun inkişaf etdirilməsi istiqamətində intensiv iş aparıldığını qeyd edib.
Xüsusi nümayəndə əlavə edib ki, günəşli günlərin sayının çox olduğu bölgədə günəş enerjisinin potensialı böyükdür. Bu baxımdan həmin potensial nəzərə alınaraq şəhərlərin baş planına əsasən, bütün evlərin və yaşayış binalarının damına günəş panelləri quraşdırılacaq.
Vahid Hacıyev bildirib ki, hazırda bölgədə 4 su elektrik stansiyası tikilir, onlardan ikisinin inşası başa çatdırılıb, ikisinin isə ilin sonunadək tamamlanması gözlənilir.
Vahid Hacıyev Zəngilanın böyük kənd təsərrüfatı potensialının olduğunu da vurğulayıb. O qeyd edib ki, xarici investisiya əsasında istifadəyə verilmiş müəssisələrdən birində 10 min baş “Angus” cinsli inəyin yetişdirilməsi nəzərdə tutulur. Prezidentin xüsusi nümayəndəsi Zəngilanın xüsusi logistik əhəmiyyəti olduğunu da diqqətə çatdırıb. (APA)