Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsinə daxil olan Əyin kəndi dağətəyi ərazidə yerləşir. Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlandırılmışdır. Dağ da öz adını buradakı bulağın adından götürmüşdür. Tədqiqatçıların fikrincə Əyin sözü eyn sözünün təhrif edilmiş formasıdır. Eyn ərəbcə "göz, bulaq, çeşmə" deməkdir. Yaşayış məntəqəsini keçmiş Hacılı kəndindən ailələr salmışlar. Kənd Əyin dağının ətəyində olduğu üçün adını da elə buradan götürmüşdür. Əyin kəndi əvvəllər Aşağı Cibikli kənd Sovetinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir. Süleyman Rəhimov, Şamo Arif, Famil Həşimov bu kəndin yetirmələridir.
İsa Musayev