Rayondakı 95 yaşayış məntəqəsi içərisində Xanlıq, Dondarlı, Mahmudlu kəndləri ən böyük yaşayış məntəqələridir. Bu gün onlardan biri – Mahmudlu kəndi haqqında Azər Eminovla söhbətləşib kəndin tarixi, inkişafı barədə məlumat əldə etdik.
Mahmudlu kəndi Qafqazın cənub-qərbində, Qarabağ yaylasının ətəklərində yerləşir. Ərazisi dərin dərələrdən, Yazı düzünün bir hissəsindən, sıralanmış təpəliklərdən ibarətdir.
Kəndin ərazisində 15-ə yaxın şor bulaq mövcud olub. Onlardan yalnız Qara qayadan süzülüb gələn bulaqların suyu içməlidir. Belə təbiət sağlam nəsillərin yetişməsi üçün Allah tərəfindən bəxş edilmiş müqəddəs və əbədi nemətdir.
Əldə edilən məlumatlara görə, kənd əhalisinin əcdadları 17-ci əsrin ortalarında Türkiyənin Van gölü ətrafında məskunalaşıbmışlar. Oradan gələndən sonra Azərbaycanın müxtəlif guşələrinə yayılıblar və məskunlaşdıqları bölgələrdə Mahmudlu adını qoruyub yaşadıblar. (Qubadlı, Cəbrayıl, Gəncə, Şəmkir, Naxçıvan və.s. yerlərdə də Mahmudlu kəndləri var).
Kənddə 8 illik, sonralar isə orta məktəb, kitabxana, klub, ATS, tibb məntəqəsi və s. vardı. Rayonun və respublikanın kadrlarla təminatında da Mahmudlu kəndi böyük rola malikdir. Cəmil Eminov, Cəlal Eminov, Şahmar Məmmədov, məktəb direktorları Murad Allahverdiyev, Atlıxan Cahangirov, alimlərdən Məsud Vəliyev, Kamal Şirinov, Zahid Quliyev, Hüsü Quliyev, Akif Quliyev, Eldar Əliyev, Vahid Eminov, Famil Abbasov, Arzu Şirinovanın adları hörmətlə çəkilir. Azərbaycan Respublikasının müxtəlif rayonlarında hüquq-mühafizə sahəsində çalışanlardan Elbrus Şahmar, İmran Həsənov, Yunis Vəliyev, Rasim Cəfərov və başqalarını göstərmək olar.
1941-1945-ci illər müharibəsində kənddən 19 nəfər itkin düşüb. Həmin müharibənin veteranlarından Məhəmməd Əhmədov, Məhəmməd Orucov və başqaları sinələrini bəzəyən orden və medallarla mahmudluların fəxridirlər.
Qarabağ maharibəsində Mahmudlu kəndinin iki şəhidi, beş yaralısı, iki itkini, bir girovludan azad olunan övladı var. 44 günlük Vətən müharibəsində də bir şəhid verən kəndin onlarla övladı igidliklə döyüşüb.
Artıq bütün çətinlik və məcburi köçkünlük geridə qalıb. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azad olunub. Yaxın vaxtlarda, bütün işğaldan azad olunmuş şəhər və kəndlərimiz kimi, dogma Mahmudlu kəndimiz də öz sakinlərinə qovuşacaqdır.
İsa MUSAYEV