Türbənin iç hündürlüyü 4,5 metrdir.
Türbənin bütün xarici üzləri Elxanilər dövrünün Arazboyu türbələri üçün səciyyəvi olan çiyinli dayaz tağlar şəklində işlənib. Şərq və qərb tağçalarının ortasında kiçik pəncərə gözləri qoyulub.
Qapı gözü yer səviyyəsindən 1,2 metr yüksəklikdədir. Türbənin 5 metrə yaxın olan prizmatik korpusu səkkizüzlü piramidalı günbəzlə örtülmüşdür. Bu günbəzlə iç sferik günbəzin arası boş küplərlə doldurulmuşdur.
İkinci türbə də Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasındadır. Əlverişli yerinə görə türbə hətta uzaq yerlərdən də yaxşı görünür. Onun da planı səkkizbucaqlı formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə 1,4 metrdir). Tikinti materialı, inşaat texnikası və memarlıq həllinə görə, bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir qədər iri (üst kameranın iç ölçüsü 6,2 metr, korpusun yerdən hündürlüyü 6,9 metrdir), xarici üzlərindəki çiyinli dayaz tağçaların forması isə bir qədər fərqlidir. Bu türbələrin hər ikisi XIII—XIV əsrlərin abidələri hesab edilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ