Azərbaycan Respublikasının Laçın rayonunun Vəlibəyli kəndi Daşlı kənd inzibati ərazi dairəsi daxilindədir. Kəndin adı "Vəlibəyin nəslindən olanlar, vəlibəylilər" mənasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Bu kənd mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Vəlibəyli kəndi Laçın rayonunun tərkibinə daxil edilmişdir. Kəndin əhalisi türksoylu millət olan azərbaycanlılardan ibarətdir. Vəlibəyli kəndi təbii gözəlliyə malik yerdədir. Belə ki, kənd Şəlvəçayın (Həkəri çayının qolu) sahilində, Çalbayır silsiləsinin ətəyindədir. Vəlibəyli kəndi 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İsa MUSAYEV