Nağdalı kəndi Şamkənd inzibati ərazi vahidinin tabeliyindədir. İlkin əhalisi türklər olan kəndin yaşı beş yüz ildən çoxdur. Nağdalı kəndi rayonun qərb istiqamətində, Qırxqız dağlarının cənub ətəklərində, rayon mərkəzindən 74 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 1660 metr yüksəklikdədir. Kəndin ətrafından hər tərəfə geniş yaylaqlar başlayır. Şimaldan Qarabağ, qərbdən Kəlbəcər rayonu, şərqdən Ələkçi kəndi şimal-şərqdən Şamkənd kəndi ilə həmsərhəddir. Nağdalı çayı kəndi iki hissəyə bölür. Kənddə 200 yerlik klub binası, 250 yerlik məktəb binası, 2 mağaza binası, hamam, çörək bişirmə sexi. 560 çarpayılıq xəstəxana, feldşer-mama məntəqəsi, kitabxana, 250 yerlik ATS fəaliyyət göstərmişdir.
Heyvandarlığın, əkinçiliyin inkişafı üçün bol suyu, münbit torpağı, təbii sərvəti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Kənddə hər biri 10 ədəd, hər biri 200 baş mal-qara tutan müasir tipli mal ferması, taxıl anbarı, dəmir boru ilə çəkilmiş su xətti vardır. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tuturdu. 1741 hektar əkinə yararlı topaq sahəsi vardır. Bu sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər becərilirdi. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilirdi.
Bunlardan əlavə, Nağdalı kəndində toxuculuq da inkişaf etmişdir. Yerli qoyun növlərinin yunun xüsusiyyətlərinə uyğun xalçalar toxunurdu. Dəmirçilik, arıçılıq, taxta-şalban istehsalı, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindən olmuşdur.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ