Hadruta qayıdışları və burada qurulan həyatla bağlı danışan ailə başçısı Zahid Mustafayev deyib ki, doğma yurddan köçkün düşəndə cəmi 13 yaşı olub: “Həmin vaxt atamın 50 yaşı var idi. Atam, anam, iki qardaş, bir bacı buranı tərk etmişdik. Doğma torpağımıza isə 50 yaşımda həyat yoldaşım və üç övladımla birlikdə qayıtdım. Övladlarımın hamısı təhsillidir: oğlum və böyük qızım ali təhsil alıb, kiçik qızım isə texnikuma daxil olub və artıq ikinci kursda oxuyur. Bu, bir valideyn olaraq mənim üçün böyük qürurdur.
Biz Hadruta köçən ilk on ailədən biriyik. Bu bizim üçün həm məsuliyyət, həm də fəxrdir. Cənab Prezidentin ailəmizin qonağı olması isə həyatımızın unudulmaz anlarından biridir. Allah Prezidentimizə möhkəm cansağlığı, uzun ömür versin”.
Torpaqların azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsini də hörmətlə yad edən Hadrut sakini deyir ki, məhz onların qəhrəmanlığı sayəsində bu gün biz doğma torpaqlarımızdayıq. “Artıq dörd aydır burada yaşayırıq və səmimi deyim ki, bu dörd ay mənim üçün sanki 37 illik həsrəti tamamilə unutdurub. Elə bil ki, o illər heç olmayıb. Mən özümü yenidən 13 yaşımda hiss edirəm və həyatım elə oradan davam edir”, - deyə o bildirib.
Mustafayevlər iki mərtəbəli evdə yaşayırlar. Ailə başçısı deyir ki, dörd otağı və geniş zalı olan evin şəraiti yüksək səviyyədədir. Heyətyanı sahədə müxtəlif meyvə ağaclarımız var. Burada torpaq elədir ki, nə əkirsənsə, bitir.
Hadrutda abadlıq və quruculuq işləri davam edir. Yollar çəkilir, qaz və kommunikasiya xətləri salınır.
“Gözümüzün qarşısında Hadrut gündən-günə daha da gözəlləşir. Biz bura köçəndən cəmi dörd ay keçib, amma dəyişikliklər artıq açıq-aşkar görünür. İnanıram ki, bir neçə ildən sonra Hadrut elə bir gözəl məkana çevriləcək ki, insan baxdıqca bir də baxmaq istəyəcək. Bu yerlərin təbiəti də tamam başqadır. Günəş çıxır, az sonra duman gəlir, sonra yenə açılır... Çox maraqlı və füsunkar mənzərələr yaranır”, - deyir Zahid Mustafayev.
Ailənin qayıdış sevincini və Hadruta bağlılığını Zahid Mustafayevin həyat yoldaşı Flora Mustafayeva da təəssüratını bölüşüb: "Həyat yoldaşım Hadrutlu olduğu üçün bu torpaqlar haqqında həmişə böyük sevgi ilə danışırdı. Torpaqlarımız azad edildikdən sonra isə hər an bura qayıtmaq arzusu ilə yaşayırdıq. Arzumuza çatdıq - Hadruta köçən ilk ailələrdən biri olduq”.
Hadrutda keçirdiyimiz hər gün bir-birindən gözəldir, deyir Flora xanım. “Hadrut mənim xəyallarımdakından da gözəldir. Bu yerlərin qeyri-adi təbiəti var. Dağların arasından duman sanki çay kimi axır. Bu mənzərələr insanı valeh edir”.
Qəsəbəni vəsf etməkdən doymayan Hadrut sakini gələcəyə çox nikbin baxır: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tarix yazaraq torpaqlarımızı azad etdi. Dövlətimiz tərəfindən indi bu ərazilərdə geniş quruculuq və abadlıq işləri aparılır, ailələr doğma yurdlarına qovuşur. Bu gün Hadrutda yeni qonşularımız var, gözəl bir abu-hava formalaşıb. Hadrut hər ötən gün daha da çiçəklənir, abadlaşır və dirçəlir". (AZƏRTAC)