Yenidən inşa olunan və uzun illərdən sonra doğma sakinlərini qoynuna alan yaşayış məntəqələrindən biri Ağdam rayonunun Kəngərli kəndidir. Burada 292 ev tikilib, məktəb, uşaq bağçası, səhiyyə məntəqəsi, mədəniyyət evi və digər zəruri infrastruktur obyektləri istifadəyə verilib. Kəndə elektrik, su, qaz, rabitə xətləri çəkilib. Artıq Kəngərliyə qədəm qoyanda işğal dövrünün acı görüntüləri ilə deyil, yenidən başlanan xoşbəxt həyatın şahidi oluruq.
Kəndin küçələrində gəzərkən doğma yurda qayıtmış insanların sevincini, həyatın öz axarı ilə davam etdiyini görür və qürur hissi keçiririk. Həyətlərdə yeni əkilmiş ağaclar və torpaqda iş görən sakinlər diqqətimizi cəlb edir. Onlardan biri – Həsən Balakişiyevlə salamlaşırıq. Həsən kişi köçkünlük illərindən danışaraq deyir. “39 yaşımda 3 balamın əlindən tutub ağlaya-ağlaya tərk etdik buranı. Çünki bu torpaqdan gedirdik. Özüm də, balalarım da burada anadan olmuşuq. Köçkünlük illərində övladlarımın hamısını oxutdum, onlara başa saldım ki, torpaq yoxdursa, yaşamağa dəyməz. Allah şəhidlərimizə rəhmət eləsin. Dövlətimizin başçısına cansağlığı versin ki, onun rəhbərliyi altında torpaqlarımız azad oldu. Arzumuza çatdıq. Buranın təmiz havası var. Köçkünlük illərində bu havanı, bu suyu arzulayırdım. Bu gün çox şadam, Allaha şükürlər edirəm ki, öz torpağımdayam. Həmişə arzulayırdım ki, kaş gedib torpağımda, həyətimdə ağac əkəm. Bura gələndə dizimi yerə qoyub bu torpaqdan öpdüm, dedim Allahım, şükürlər olsun ki, arzum həyata keçdi”, – deyən Həsən kişi bir bənd şeir də söyləyir:
“Torpaqdan yarandıq, budur həqiqət,
O, çörəkdir, o, Vətəndir, o, dövlət.
Anamızla qoşa gedir nəhayət,
Anamızın anasıdır bu torpaq”.
Həsən kişi torpala bağlı şeirdən sonra bizi evə dəvət edir. Həyat yoldaşı Rahilə xanım bizi gülərüzlə qarşılayıb çay gətirir. Sonra keçmiş günlərdən, doğma yurda qayıdışdan, yaradılan şəraitdən söhbət edirik: “Böyük həsrətlə bu günləri gözləmişik. Bu günə şükürlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Deyirdim ki, bu torpaqda igidlərimizin qanı tökülüb. Biz o torpağa qayıtmalıyıq, onu dirçəltməliyik”.
Rahilə xanım keçmiş xatirələri yada salır, doğma kəndlərində yenidən xoş günlərin başlanmasına görə şükr edir: “Kəngərli kəndində sakinlər əsasən heyvandarlıqla, əkinçiliklə məşğul idi. Axşam olanda uşaqlar qoyun sürülərini Uzundərə tərəfə aparırdılar. Qoyun otara-otara “Qarabağ şikəstəsi” və digər mahnılar oxuyurdular. O günlər üçün darıxırdıq. Şükür ki, qayıtdıq. Bu torpaqlar yenidən çiçəklənəcək. Əkdiyimiz ağaclar bir neçə il sonra yenidən bar verəcək”.
Yurd həsrətinin çətinliyindən sonra doğma kəndlərində mənəvi rahatlıq tapdıqlarını bildirən Rahilə xanım yaradılan şəraitdən də məmnunluğunu ifadə edir.
Həsən kişinin və Rahilə xanımın timsalında biz doğma yurda qayıdan insanların sevincini, torpağa bağlılığını, yenidən həyat qurmaq əzmini görürük. Uzun illərdən sonra bu torpaqlara qayıdan insanlar üçün Kəngərli artıq xatirələrin ünvanı deyil, həsrətin başa çatdığı, arzuların reallaşdığı doğma yurd yeridir. Burada tikilmiş hər ev, əkilmiş hər ağac, gələcəyə atılan hər addım azad Qarabağın firavan gələcəyidir. (AZƏRTAC)