Füzuli rayonu ərazisində Köndələnçay üzərində kaskad üsulu ilə tikilən “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarları mövcuddur. Bunlar 1951-1982-ci illərdə istismara verilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Atakişi Babayev müsahibəsində bildirib ki, “Köndələnçay” su anbarları, ümumilikdə 15,5 milyon kubmetr su tutumuna malikdir. Bu anbarlar əsasən Köndələnçaydan qidalanır. Onlardan ən böyüyü isə “Aşağı Köndələnçay” su anbarıdır ki, onun da su tutumu 9,5 milyon kubmetrdir.
“30 illik işğal dövründə bu su anbarlarının hidrotexniki qurğuları və su buraxıcıları, qəza su tullayıcıları, eyni zamanda, nasos stansiyası, hidroqovşaq tamamilə istismara yararsız vəziyyətə salınıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərdə minatəmizləmə işləri görüldü, bərpa və yenidənqurma işlərinə start verildi. 2024-cü ilin may ayında işlər tamam başa çatdıqdan sonra Prezident İlham Əliyevin iştirakı ilə bu obyektlərin açılışı oldu. Bu su anbarları vasitəsilə işğaldan azad olunan ərazilərdə 6300 hektar əkin sahəsinin suvarılması mümkündür. Hazırda “Aşağı Köndələnçay” su anbarı vasitəsilə Köndələnçay boyu olan kəndlərdə 1000 hektardan çox sahənin suvarılması işləri görülür", - deyə o bildirib.
Qeyd edək ki, “Aşağı Köndələnçay” su anbarı Zəfər yolunun kənarında yerləşir və anbarın yola tərəf sahilində istirahət sahəsi yaradılıb, oturacaqlar, söhbətgah quraşdırılıb. Burada yaşıllıq zolağı salınıb ki, bu da həmin ərazidən keçən şəxslərin su anbarını izləməsinə və ərazidə dincəlməsinə imkan verir.
Beləliklə, qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı təhlükəsi fonunda “Köndələnçay” kimi strateji obyektlərin bərpası Azərbaycanın milli su təhlükəsizliyi üçün mühüm zəmanətdir. Müasir texnologiyalarla təchiz edilmiş bu infrastruktur itkilərin minimuma endirilməsinə və quraqlıq dövrlərində su ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Beləliklə, azad edilmiş torpaqlarda həyata keçirilən bu layihələr regionun ekoloji dayanıqlığını təmin etməklə yanaşı, iqlim risklərinə qarşı ölkəmizin dayanıqlı inkişaf modelinin əsas sütununa çevrilir. (AZƏRTAC)