Uşaq yaşlarında doğma Xankəndini tərk etməyə məcbur qalan Namiq Abbasov bu gün artıq öz torpağında, Xankəndidə çalışır. O, Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə SOCAR "Azəriqaz" İB-də çilingər kimi işə qəbul olunub.
Namiq Abbasov danışır:
"Mən, Abbasov Namiq Kamran oğlu, 1990-cı ildə Xankəndinin Kərican qəsəbəsində anadan olmuşam. 1991-ci ildə ailəmiz məcburi köçkün düşdü. İki qardaşım Birinci Qarabağ müharibəsində şəhid olub. Həm qardaşsız, həm torpaqsız yaşamaq bizim üçün çox çətin idi.
Allah Ali Baş Komandan cənab İlham Əliyevin canını sağ eləsin. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Biz yenidən doğma torpağımıza qayıtdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Bu həm sevincli, həm də kədərli hissdir. Burada çalışanda anlayırsan ki, şəhidlərimiz bu müqəddəs torpaqlar üçün canlarından keçiblər.
İş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Onlar da məni SOCAR "Azəriqaz" İB-ə yönləndirdilər. Agentliyin dəstəyi ilə Gəncə Peşə Təhsili Mərkəzində 3 aylıq kurs keçdim, çilingər ixtisasına yiyələndim və hazırda burada çalışıram.
Hazırda qazlaşdırma işləri aparırıq. İnşallah, yaxın vaxtlarda sakinlərimiz doğma yurdlarına qayıdar, biz də onlara canla-başla xidmət edərik."
Tahirə AĞAMİRZƏ