Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 74 nəfərdən ibarət 16 ailə, Vəngli kəndinə isə 76 nəfərdən ibarət 16 ailə köçürülüb.
Açarların təqdimetmə mərasimindən öncə Ümumilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, sakinlərə kənddə bütün zəruri infrastrukturun tam şəkildə hazır olduğu və onların rahat yaşayışı üçün su, qaz, elektrik xətləri, yüksək sürətli internet şəbəkəsinin çəkildiyi, yol infrastrukturunun yeniləndiyi barədə məlumat verib.
Qeyd edək ki, köç prosesinin mərhələli şəkildə davam etdirilməsi, bölgəyə həyatın tam qayıdışını təmin edəcək.Bu gün daha 32 ailənin öz evlərinə qayıtması Böyük Qayıdışın növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir. (Trend)