Füzulinin adlı-sanlı, ağır oturub batman gələn kişilərindən olan Səyyad Hüseynov bir kəlmə sözü ilə qan barışdıran, umu-küsünü aradan qaldıran el ağsaqqalı kimi tanınıb. O, müxtəlif rəhbər vəzifələrdə işləməklə yanaşı, yüksək mədəniyyəti, şəxsiyyəti və mənsub olduğu seyid ocağının nüfuzu ilə də rayonda xüsusi hörmət qazanıb. Bu səbəbdən ona hər yerdə “Seyid Səyyad” deyə müraciət ediblər.
Məhəmməd Hüseynov Seyid Səyyadın böyük oğludur. El ağsaqqalı altı oğul, iki qız atası olub. Onun övladları bu gün də atasının adını fəxrlə daşıyır. 76 yaşlı Məhəmməd ata yadigarı “QAZ-21” markalı “Volqa”nı daim saz vəziyyətdə saxlayıb, ailə üzvlərini də illər boyu həmin maşınla Bakıya aparıb-gətirib. İndi özü 6 qız atası, 16 nəvənin babasıdır.
Məhəmməd Hüseynov deyib: “Bu maşın mənim üçün ilk növbədə ata yadigarı kimi əzizdir. Həm də ona görə doğmadır ki, illər boyu camaatın xeyrinə-şərinə yarayıb. Kiməsə minik lazım olanda atam açarı verib ki, get işini gör. Elə günlər olub ki, maşın 15 gün, bir ay bizim həyətə gəlməyib. Bəlkə də, yüzdən çox ailəyə gəlin aparılıb onunla. Məhəlləmizdə kim körpəsini doğum evindən çıxarırdısa, evlərinə bizim “QAZ-21” aparırdı. Aradan neçə illər keçib, atam 40 ildən çoxdur ki, dünyasını dəyişib, amma bu gün də maşını görəndə insanlar onun sahibini minnətdarlıqla xatırlayırlar”.
1991-ci ildə Füzulidə onların yaşadığı küçəyə Səyyad Hüseynovun adı verilib. Lakin az sonra erməni silahlı qüvvələrinin hücumları nəticəsində ailə şəhəri tərk etməli olub. Məhəmməd Hüseynov həmin ağır günlərdə ailəsini raket və mərmi yağdırılan ərazidən çıxarmağa məhz ata yadigarı maşınla nail olub.
“Uzun illərdən sonra yenidən doğma şəhərə qayıdan ilk sakinlərdən biriyik. Artıq il yarımdır ki, səhərimizi Füzulidə açırıq. Bu, çox böyük sevinc və qürur hissidir. Bizə bu sevinci yaşadan hər kəsə - Müzəffər Ali Baş Komandandan tutmuş müqəddəs şəhidlərimizə, hər bir əsgərimizə qədər dualar edirik”, - deyə o bildirib.
Məhəmməd Hüseynov ata yolunun davamçısı kimi bu gün rayon Ağsaqqallar Şurasının sədridir. Atası kimi o da el içində barışdırıcı missiyanı yerinə yetirir, cavanlara xeyir-dua verir, küsülüləri barışdırır. Rayon sakinləri arasında böyük hörmət qazanıb və heç kimin dəvətindən qalmır. Arada ata yadigarı ağ rəngli “QAZ-21”in sükanı arxasına keçərək elin-obanın çağırdığı ünvana tələsir... (AZƏRTAC)